×
A
A
A
Sazlamalar

“AzerGold” AzMİU-nun müəllim heyəti üçün Çovdar filiz emalı sahəsinə ekskursiya təşkil edib

Bakı, 21 may, AZƏRTAC

“AzerGold” QSC Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllim heyəti üçün Çovdar filiz emalı sahəsinə tanışlıq səfəri təşkil edib.
“AzerGold” QSC-dən AZƏRTAC-a bildirilib ki, müəllimləri Çovdar filiz emalı sahəsinin fəaliyyəti haqqında məlumatlandırmaq məqsədi daşıyan səfər filiz emalı sahəsində təhlükəsizlik qaydaları ilə tanışlıqdan başlayıb. Daha sonra müəllimlərə laboratoriyanın iş prinsipi, filiz emalı sahəsində çalışan insanlar üçün yaradılan şərait, həmçinin qiymətli metalların hasilat və emal prosesi haqqında ətraflı məlumat verilib. Qızıl çıxımı, müasir texnologiyaların tətbiqi və ətraf mühitin qorunması nöqteyi-nəzərdən MDB məkanında lider mövqelər tutan Çovdar filiz emalı sahəsinin fəaliyyəti müəllim heyətində böyük maraq doğurub.
Qeyd edək ki, tanışlıq səfəri 2017-ci ilin noyabr ayında Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə “AzerGold” QSC arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində baş tutub. İki qurum arasında nəzərdə tutulan birgə fəaliyyət planına uyğun olaraq Çovdar filiz emalı sahəsində fevral ayında başlayan dörd tələbənin istehsalat təcrübəsi bu ay başa çatıb. Təcrübə zamanı tələbələr tikinti sahəsində təhlükəsizlik tədbirləri, sənədləşdirmə işləri, topa qələviləşdirmə sahəsinin tikintisi, tikintidə istifadə olunan ofis proqramları (MS Office, AutoCAD, ArchiCAD, Tekla), tikinti-quraşdırma, həmçinin müxtəlif materiallar üçün tələb olunan testlər və tikinti obyektinin istismara qəbulu haqqında dərin biliklər əldə ediblər. Bundan əlavə, cari ilin aprel ayında “AzerGold” QSC-nin əməkdaşları tərəfindən AzMİU-da “Karyerada ilk addımlar” mövzusunda təşkil olunan seminarda tələbələrə CV-nin tərtib edilməsi və müsahibədə davranış qaydaları haqqında ətraflı məlumat verilib.
Bu il ərzində, həmçinin “AzerGold” QSC-nin əməkdaşları tərəfindən AzMİU-nun bakalavr və magistr dərəcələrində təhsil alan tələbələri üçün müvafiq proqramlar üzrə master-klassların keçirilməsi, konkret nümunələr üzərində tədqiqatların hazırlanması, AzMİU-nun müəllim və tələbələri tərəfindən dağ-mədən və tikinti sahəsində istifadə olunan avadanlıqların, texnologiyaların tətbiqi və təhlili istiqamətində təkliflərin verilməsi nəzərdə tutulub.

Sənaye 2018-05-21 16:13:00