×
A
A
A
Sazlamalar

"Barselona" "Real Sosyedad"ı minimal hesabla məğlub edib

Bakı, 21 may, AZƏRTAC
Futbol üzrə İspaniya çempionatının sonuncu turunun yekun oyununda "Barselona" doğma meydanda "Real Sosyedad" klubunu qəbul edib.
AZƏRTAC xəbər verir ki, "Nou Kamp" stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunun 57-ci dəqiqəsində vurulan yeganə qolun müəllifi Filip Koutinyo olub.
Digər oyunda “Real Madrid” klubu səfərdə “Vilyarreal” ilə qarşılaşıb. Oyunun 11-ci dəqiqəsində kral klubu hesabı açıb. Qaret Beyl adını tabloya yazdırıb - 0:1. Qarşılaşmanın 32-ci dəqiqəsində Kriştiano Ronaldo cari mövsümdə 26-cı dəfə fərqlənərək hesab arasındakı fərqi iki topa çatdırıb - 0:2. Birinci hissə bu hesabla başa çatıb.
Fasilədən sonra irəli atılan meydan sahibləri oyunun 70-ci dəqiqəsində Roxer Martinezin qolu ilə hesab arasındakı fərqi azaldıblar - 1:2. Oyunun əsas vaxtına beş dəqiqə qalmış ev sahibləri hesabı bərabərləşdirməyə nail olublar. Künc zərbəsindən sonra Samuel Kastilexo dəqiq zərbə ilə oyunda son nöqtəni qoyub - 2:2. “Estadio de la Keramika” stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Beləliklə "Barselona" klubu çempionatın qızıl, "Atletiko Madrid" gümüş, "Real Madrid" isə bürünc medalını qazanıblar.
Turun digər oyunlarında nəticələr:
"Selta" - "Levante" - 4:2
"Leqanes" - "Real Betis" - 3:2
"Las Palmas" - "Girona" - 1:2
"Malaqa" - "Xetafe" - 0:1
"Sevilya" - "Alaves" -1:0
"Valensiya" - "Deportivo" - 2:1
"Atletiko Bilbao" - "Espanyol" - 0:1
"Atletiko Madrid" - " Eybar" - 2:2.

 

İdman 2018-05-21 00:47:00