×
A
A
A
Sazlamalar

Şəki və Mingəçevir şəhərlərində keçirilən qəbul imtahanları mövcud təlimata uyğun aparılıb

Şəki, 20 may, Mustafa Dadaşov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin mayın 20-də qurumun Şəki regional bölməsinin əhatə etdiyi Şəki və Mingəçevir şəhərlərində 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün birinci və dördüncü ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanları uğurla başa çatıb.
Dövlət İmtahan Mərkəzi Şəki regional bölməsinin müdiri Səbuhi Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, imtahanların keçirilməsi üçün Şəki şəhərində 4, Mingəçevirdə isə 3 imtahan mərkəzi ayrılıb.
Şəki şəhərində imtahanlar 8 və 12 nömrəli tam orta məktəblərdə, həmçinin fizika-riyaziyyat və humanitar təmayüllü lisey və Qoxmuq kənd tam orta məktəbində təşkil olunub. Ümumilikdə 2029 abituriyentin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 15 imtahan rəhbəri və 178 nəzarətçi-müəllim cəlb olunub.
Mingəçevirdə isə qəbul imtahanları 4 və 18 nömrəli tam orta məktəblərdə, həmçinin təbiət-riyaziyyat və humanitar liseydə təşkil olunub. İmtahanlarda 1555 abituriyentin iştirakı nəzərdə tutulub. İmtahanların gedişinə 13 imtahan rəhbəri və 145 nəzarətçi-müəllim nəzarət edib.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanıb və üç saat davam edib.
Regional bölmənin müdiri AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bütün imtahan mərkəzlərində qəbul imtahanları mövcud təlimata uyğun aparılıb və heç bir qayda pozuntusuna yol verilmədən saat 14:00-da uğurla başa çatıb.

Regionlar 2018-05-20 15:00:00