×
A
A
A
Sazlamalar

Azərbaycanın su ilə birləşən ən ucqar quru ərazisinə səyahət...

Bakı, 20 may, G.Mahmudlu, AZƏRTAC

Mayın 19-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji turizmin mediada təbliğinə həsr olunan “Təbiət evimizdir” layihəsi çərçivəsində növbəti mediatur təşkil edib.
AZƏRTAC xəbər verir ki, media nümayəndələrinin budəfəki səfəri Azərbaycanın ən kiçik milli parkı Abşeron Milli Parkına olub. Əvvəlcə milli parkın direktoru Fərahim Hüseynov xüsusi mühafizə olunan təbiət ərazisi haqqında media nümayəndələrinə məlumat verib. O, bildirib ki, Abşeron Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə Bakı şəhərinin Xəzər rayonu inzibati ərazisinin 783 hektar sahəsində, Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılıb. Milli Park Abşeron yarımadasının cənub-şərq qurtaracağında – Şah Dili ərazisində yerləşir. Burada 4 turist marşrutu var. Məsafəsinə görə ən uzağı Şah Dili burnudur. Azyaşlılar üçün isə dənizsahili, gölətrafı marşrutlar mövcuddur.
Ərazidə yarımsəhra və quru bozqırların mülayim isti iqlim tipi hakimdir. Torpaq örtüyü yaxşı inkişaf etməyib, ərazi əsasən dənizsahili qumluqlarla örtülüb. Burada bitki örtüyünün növ tərkibi və fitokütləsi xeyli azdır. Dənizsahili qum bitkiləri, cığlı-qamışlı və paz otlu çəmənliklər, birillik şoran otları və s. yayılıb. Efemerlər də erkən yazda nisbətən yaxşı inkişaf edir. Abşeron Milli Parkında 50-dən artıq quş və heyvan növlərinə rast gəlinir. Milli Parkda 25-ə qədər bitki növü mövcuddur. “Burada suda-quruda yaşayanlardan göl qurbağası, yaşıl quru qurbağası, sürünənlərdən Aralıq dənizi tısbağası, Xəzər tısbağası, Qafqaz kələzi, Xəzər gekkonu, koramal, uzunayaq Şneyder, əlvan kərtənkələcik, cəld kərtənkələcik, xaltalı eyrenis, suilanı, gürzə və s., quşlardan gümüşü qağayı, fısıldayan qu quşu, boz və qırmızıbaş qazlar, bizquyruq, yaşılbaş ördək, ağgöz qara ördək, kəkilli dalğıc, böyük ağ vağ, qumluq cüllütü, qaşqaldaq, bataqlıq belibağlısı, dəniz bozcası və s. məməli heyvanlardan ceyran, canavar, çaqqal, çöl pişiyi, yenot, oxlu kirpi, tülkü, porsuq, dovşan, Xəzərin sularında suiti və həmçinin müxtəlif növ balıqlar məskunlaşıb. Xəzər suitisi, fısıldayan qu quşu, adi sultan toyuğu, adi flaminqo, ceyran, qıvrımlələk qutan, kürən vağ və başqaları Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilib. Dünyada nadir hesab olunan Xəzər suitisi əsasən may-avqust aylarında milli parkın ərazisindəki suiti burnunda müşahidə olunur. O, pərayaqlıların yeganə nümayəndəsidir ki, dünya okeanının ən kiçik suitisi kimi “Ginnesin rekordlar kitabı”na daxil edilib”, - deyə milli parkın direktoru məlumat verib.
F.Hüseynov deyib ki, Abşeron Milli Parkını ötən il 620-dən çox turist ziyarət edib. Onlardan 420-yə yaxını yerli, qalanları xarici turistlərdir. Bu ilin ilk dörd ayında isə 269 turist milli parkın qonağı olub ki, onlardan 90-nı xaricidir. Yerli turistlərin 40-nı isə məktəblilər təşkil edib.
Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə bildirib ki, Abşeron Milli Parkının yaradılmasında məqsəd vəhşi təbiətin mühafizəsini, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanmasını təmin etmək, o cümlədən ekoturizm üçün mövcud olan təbii imkanları dəyərləndirməkdən ibarətdir. O, qeyd edib ki, Abşeron Milli Parkı paytaxt Bakıya ən yaxın olan təbii abidə, ekoturizm üçün ən əlverişli nöqtə, Abşeron yarımadasında ən təmiz dəniz suyu, ən təmiz havası olan məkandır. O cümlədən milli park Azərbaycanın su ilə birləşən ən ucqar quru ərazisidir, flora və faunası ilə tamamilə vəhşi təbiət nümunəsidir. H.Əlizadə burada turistlər üçün piknik yerləri, dincəlmə nöqtələrinin təşkil edildiyini də diqqətə çatdırıb.
Sonra media nümayəndələri turistlərin dincəlmə yeri olan İnzibati Mərkəzlə də tanış olublar. Mərkəzdə turistlər milli park haqqında məlumat ala bilərlər.
Daha sonra jurnalistlər Azərbaycan xəritəsindəki “qartalın dimdiyi” olan Şah Dili burnuna səyahət ediblər.
Xəzər dənizi ilə birbaşa təmas, təmiz hava və milli parkın heyəti media nümayəndələrində xoş təəssürat yaradıb. Bir neçə saatlıq da olsa, təbiətlə canlı ünsiyyət hər kəsin yaddaşında xoş izlər buraxıb.

Ekologiya 2018-05-20 14:06:00