×
A
A
A
Sazlamalar

Dövlət İmtahan Mərkəzi birinci və dördüncü ixtisas qrupları üzrə qəbul imtahanı keçirir

Bakı, 20 may, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) mayın 20-də 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.
AZƏRTAC xəbər verir ki, imtahanlar respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda ümumilikdə 62 binada aparılır. İmtahanların idarə olunmasına 229 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2603 nəzarətçi-müəllim cəlb olunub.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanıb və üç saat davam edəcək.
İmtahanda 33139 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 28055-i I qrup üzrə, 5084-ü isə IV qrup üzrə imtahan verəcək.
Abituriyentlərdən 30356-sı Azərbaycan bölməsinin (I qrup üzrə 25841, IV qrup üzrə 4515 nəfər), 2783-ü isə rus bölməsinin (I qrup üzrə 2214, IV qrup üzrə 569 nəfər) məzunudur. Abituriyentlərin 20108 nəfəri oğlanlar (I qrup üzrə 18554 nəfər, IV qrup üzrə 1554 nəfər), 13031 nəfəri isə qızlardır (I qrup üzrə 9501 nəfər, IV qrup üzrə 3530 nəfər). 26675 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 6464 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 81 nəfər ali təhsil müəssisələrinin, 828 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 137 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1962-ci ildən, ən gənci isə 2003-cü ildəndir.

Elm və təhsil 2018-05-20 11:04:00