×
A
A
A
Sazlamalar

Ağcabədi rayonunun Hindarx qəsəbəsinin ərazisində əl qumbarası tapılıb

Bakı, 20 may, AZƏRTAC

Mayın 19-da saat 14:26-da Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində bir ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə ərazidə əkin sahəsinə baxış keçirilib. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən bir ədəd “F-1” əl qumbarası aşkarlanıb. Əl qumbarası zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Qumbaranın tapıldığı yerin ətrafında min kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Yanvarın 1-dən mayın 19-dək Ağdam, Ağcabədi, Ağstafa, Astara, Abşeron, Beyləqan, Bərdə, Füzuli, Tərtər, Tovuz, Qazax, Naftalan, Goranboy, Göygöl, Yevlax, Xızı, Şəmkir, İsmayıllı, Lənkəran rayonlarında, Bakı, Gəncə və Sumqayıt şəhərlərinin ərazisində Agentlik tərəfindən aparılan əməliyyatlar zamanı 3508 ədəd partlamamış hərbi sursat, o cümlədən piyada əleyhinə 1, tank əleyhinə 3 mina və 73 kiloqram partlayıcı maddə (ammonit № 6 JV-200) aşkarlanaraq zərərsizləşdirilib. Bu dövrdə ümumilikdə 82 min 565 kvadratmetr ərazi yoxlanılıb.

Sosial 2018-05-20 02:46:00