×
A
A
A
Sazlamalar

“Azərbaycanın Rus İcması”nın 25 iliyinə həsr olunmuş konfrans keçirilib

Bakı, 19 may, AZƏRTAC
“Azərbaycanın Rus İcması” İctimai Təşkilatının yaradılmasının 25 illiyi münasibətilə “Holiday Inn” otelində “Azərbaycanın Rus İcması – yeni Azərbaycan xalqları ailəsində 25 il” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycanın Rus İcması”nın sədri, Milli Məclisin deputatı Mixail Zabelin təşkilatın 25 illiyinə həsr olunmuş bayram tədbirlərində Moskva, Sankt-Peterburq və Krasnodardan nümayəndə heyətlərinin, Azərbaycanın Rusiya Federasiyasındakı diasporunun təmsilçilərinin iştirak etdiklərini bildirib.
“Azərbaycanın Rus İcması”nın sədr müavini Aleksandr Alekseyev son illər görülmüş işlərdən söz açıb. Qeyd edib ki, konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin bayram edilməsi ərəfəsində keçirilir. O, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Rus icmasına dəstəyi və qayğısını vurğulayıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycan və Rusiyanı tarixən sıx dostluq əlaqələri birləşdirir. Bu gün Azərbaycanda 120 mindən çox rus yaşayır, tədrisin rus dilində aparıldığı məktəblər və ali təhsil ocaqları, Rus Dram Teatrı, Bakı Slavyan Universiteti, beş rus pravoslav kilsəsi fəaliyyət göstərir, böyük rus şairi Aleksandr Puşkinin abidəsinin ucaldığı bağ bakılıların sevimli istirahət məkanıdır. Bütün bunlar onu göstərir ki, Azərbaycanda Rus icması diqqət və qayğı ilə əhatə olunub və cəmiyyətin tamhüquqlu üzvüdür.
Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşşein, Milli Məclisin deputatı, publisist Elmira Axundova, Rusiyanın Azərbaycandakı səfirliyinin katibi Alla Naniyeva konfransda təbrik nitqi ilə çıxış ediblər.
Sonra Mİxail Zabelin Rus icmasının fəaliyyətində fəal iştirakına, Bakı ilə Moskva arasında dostluq əlaqələrinin möhkəmlənməsinə verdikləri töhfələrə görə bir qrup şəxsə təşəkkür məktubları təqdim edib. Rus icmasının fəal üzvlərinə “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi tərəfindən fəxri fərmanlar da təqdim olunub.
Moskva Həmvətənlər Evi direktorunun birinci müavini Yuri Kaplun Moskva hökumətinin xaricdə yaşayan həmvətənləri dəstəkləmək istiqamətində həyata keçirdiyi layihələrdən söz açıb və xaricdə rus dilinin və mədəniyyətinin inkişafında fəallıq göstərən rusdilli diasporun nümayəndələrinə fəxri fərmanlar təqdim edib. O, həmçinin qraf Pyotr Şeremetyevin təbriklərini çatdırıb.
Krasnodar merinin müavini Sergey Luzinov, Həmvətənlərin Hüquqlarını Müdafiə Fondunun sədr müavini Sergey Proxorov da təbrik nitqi ilə konfrans iştirakçılarına müraciət ediblər.
Konfrans çərçivəsində “Dostluq telləri” kitabının təqdimatı da olub. Beynəlxalq əməkdaşlıq üzrə Moskva Mərkəzi, “Azərbaycanın Rus İcması” və “Luç” ədəbi-yaradıcılıq assosiasiyası tərəfindən nəşr olunmuş kitaba rus dövlətçiliyinin təşəkkül tapmasının 1155 illiyinə həsr olunmuş nəsr, publisistika və poeziya nümunələri daxil edilib.

Cəmiyyət 2018-05-19 22:00:00