×
A
A
A
Sazlamalar

“Azərbaycanın Rus İcması” özünün 25 yaşını təntənə ilə qeyd edib

Bakı, 19 may, AZƏRTAC
Respublikamızda 120 mindən artıq etnik rusları birləşdirən “Azərbaycanın Rus İcması” İctimai Təşkilatının yaranmasının 25 ili tamam olur. Bu münasibətlə mayın 19-da bir sıra bayram tədbirləri keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Sarayında keçirilən təntənəli konsert üç hadisəyə - təşkilatın 25 illiyinə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr edilib.
Tədbirdə ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində Azərbaycanda bütün millətlərin nümayəndələrinin dinc yanaşı yaşamasından, multikulturalizm siyasətinin dövlət səviyyəsində aparılmasından, Prezident İlham Əliyevin dahi siyasətçi Heydər Əliyevin təməlini qoyduğu siyasi kursu layiqincə davam etdirməsindən danışılıb.
Vokalçılar Nina Makarova və Hidayət Əliyevin, “İqray qarmon”, “Rovesnik”, “Lalələr” folklor ansambllarının çıxışı böyük maraqla qarşılanıb.
Bayram tədbirində, həmçinin Sankt-Peterburq şəhəri Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovun başçılığı ilə nümayəndə heyəti, “Sankt-Peterburq Azərbaycan Milli-Mədəni Muxtariyyəti” şəhər ictimai təşkilatının sədri, Sankt-Peterburq qubernatorunun milli məsələlər üzrə müşaviri Vaqif Məmişov, Krasnodar şəhərinin meri Yevgeni Pervışov, RF Federasiya Şurasının üzvləri və RF Dövlət Dumasının deputatları, Rusiyanın ölkəmizdəki səfirliyinin və “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

Mədəniyyət 2018-05-19 21:01:00