×
A
A
A
Sazlamalar

Rəşad Quliyev: MOİK idmançılarının qələbəsi nəticəsində bayrağımızın ucalması bizim üçün ən qürurverici və şərəfli andır

Moskva, 19 may, AZƏRTAC 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandası Moskvada keçirilən hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatında 2-si qızıl, 3-ü gümüş və 6-sı bürünc olmaqla 11 medal qazanıb. Komandamız bu göstərici üzrə çempionatda iştirak edən 22 ölkə arasında üçüncü yeri tutub.
AZƏRTAC-ın Rusiyadakı xüsusi müxbiri hərbçi güləşçilərimizin bu uğuru ilə əlaqədar komandamızın rəhbəri, MOİK-in rəisi, polkovnik-leytenant Rəsad Quliyevdən məxsusi müsahibə alıb.
Müsahibəni təqdim edirik.

- Rəşad müəllim, əvvəlcə MOİK idmançılarının dünya çempionatında uğurlu çıxışı münasibətilə sizi təbrik edirik. Ordu idmançılarının nailiyyətləri, əldə etdikləri uğurların əsasında hansı amillərin dayandığını bilmək istərdik?
- Təbrikə görə çox sağ olun. Bilirsiniz, bu uğurun əsasında Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin idmana göstərdiyi yüksək diqqət və qayğı dayanır. Xüsusi vurğulamaq istərdim ki, məhz bu qayğının nəticəsində respublikamızın idman həyatında baş verən böyük dəyişikliklər MOİK-in fəaliyyətinə də öz müsbət təsirini göstərir. Qazandığımız uğurların bariz nümunələrindən biri də ondan ibarətdir ki, hərbçi idmançılar heç bir mötəbər yarışlardan geri qalmır, Vətənimizi dünyaya daha yaxından tanıtmaq imkanı qazanırlar. İdmançı zabit və əsgərlərimiz turnirlərdə uğurla iştirak edir, qələbələr qazanır, bayrağımızı ucaldaraq respublikamızın idman şöhrətini ləyaqətlə qoruyurlar. MOİK idmançılarının qələbəsi nəticəsində Azərbaycanın bayrağının ucalması bizim üçün ən qürurverici və şərəfli andır.
Dövlətimizin başçısının diqqət və qayğısı, Müdafiə Nazirliyi rəhbərliyinin müsbət fəaliyyəti nəticəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən qabaqcıl orduları ilə eyni cərgədə layiqli yerini tutur. Hərbi idmançılarımız da Ordumuzun dünya miqyasında bu yerə layiq olduğunu, mənsub olduqları sahədə əldə etdikləri qələbələr və qazandıqları medallarla daim sübut edirlər.
- MOİK-in fəaliyyəti barədə qısa məlumat verməyiniz oxucular üçün də maraqlı olardı.
- Bildiyiniz kimi, hərbi xidmətə çağırılan və idman sahəsində yüksək nəticələri olan idmançı gənclər Vətənə xidmətlə yanaşı, idman karyeralarını Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunda yüksək səviyyədə davam etdirmək və müxtəlif mötəbər yarışlarda ölkəmizi layiqincə təmsil etmək imkanı əldə edirlər. Hətta zabit, gizir, yaxud müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi də uzun illər MOİK komandası tərkibində xidmət etmək və ölkəmizin idman şərəfini qorumaq vəzifəsini layiqincə yerinə yetirə bilərlər.
Mərkəzi Ordu İdman Klubu 1961-ci ildə yaranıb və hazırda burada 16 idman növü üzrə məşqlər keçirilir. Bu məşqlər bölmələr tərkibində və bütün yaş qruplarını əhatə edir. Onu da xüsusi olaraq qeyd etmək yerinə düşər ki, Azərbaycan milli komandasının əksər üzvləri Mərkəzi Ordu İdman Klubunun təmsilçiləridir. Olimpiya Oyunlarında, dünya, Avropa çempionatlarında və başqa yarışlarda qələbələr sayəsində qazanılan medalların da bir hissəsi ordu idmançılarının payına düşür. Həmçinin “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutan Azərbaycan yığmasının qələbəsində MOİK-in yetirmələrinin də payı var və bu yarışda yığmamızın layiq görüldüyü iki qızıl, bir gümüş və bir bürünc medalı hərbi idmançılar qazanıblar.
1995-ci ildən Beynəlxalq Hərbi İdman Şurasının (CISM) fəal üzvü olan MOİK-in yetirmələri 6 dəfə Ümumdünya Hərbi İdman Oyunlarında və hər il keçirilən idman növləri üzrə dünya çempionatlarında uğurla çıxış edərək 33 qızıl, 42 gümüş və 58 bürünc medal qazanıblar.
2015-ci ildə CISM-in xətti ilə Koreya Respublikasında keçirilən 6-cı Ümumdünya Hərbi İdman Oyunlarında 120 ölkədən 8100 nəfər idmançı ilə yanaşı, Azərbaycan Ordusu 5 idman növü üzrə 30 idmançı ilə təmsil olunub.
Bununla yanaşı, CISM çərçivəsində hərbçilərin 2004-cü ildə cüdo üzrə 30-cu, 2006-cı ildə güləş üzrə 24-cü və 2008-ci ildə boks üzrə 52-ci dünya çempionatları ölkəmizdə keçirilib. MOİK-in ən böyük uğurlarından biri də 2013-cü ildə hərbçi idmançılar arasında ilk dəfə keçirilən futbol üzrə dünya kuboku yarışının Azərbaycanda baş tutması olub.
- Hazırda Moskva şəhərində keçirilən 33-cü dünya çempionatı ilə bağlı fikirlərinizi öyrənmək istərdik. Komandamızın gücünü və təcrübəsini necə qiymətləndirirsiniz?
- Bildiyiniz kimi, Moskvada keçirilən hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatında güləşin sərbəst və yunan-Roma növləri üzrə MOİK komandası da iştirak edib. Güləşçilərimiz dünya çempionatına ciddi hazırlaşıblar və idmançılarımızın potensialı böyükdür. Komandamızın tərkibində dünya və Avropa çempionları, eləcə də Olimpiya oyunlarının, respublika birinciliklərinin qalibi olan güləşçilər əksəriyyət təşkil edirlər. Məşqçilərimiz də böyük təcrübəyə malik hərbçilərdir.
Pəhləvanlarımızı yarışlara beynəlxalq dərəcəli idman ustası, Əməkdar Məşqçi, hərbçilərin Olimpiya Oyunlarının qızıl medalçısı, hərbçilər arasında keçirilən XXX dünya çempionatının qızıl medalçısı mayor Nazim Əlicanov və beynəlxalq dərəcəli idman ustası, hərbçilər arasında keçirilən Avropa və dünya birinciliklərinin dördqat qalibi, hərbçilər arasında II Olimpiya Oyunlarının gümüş mükafatçısı mayor Taleh İsrafilov hazırlayıblar.
Həmçinin komandamızın tərkibində sərbəst güləş növündə mübarizə aparacaq üç qadın güləşçimiz də var. Yarışlara qələbə əzmi, müsbət psixoloji durumla, xoş əhval-ruhiyyə ilə qatılmışıq. Vətənə əli boş dönməyəcəyimizə və azarkeşlərimizi sevindirəcəyimizə əmin idik. Siz də şahidi oldunuz ki, niyyətimizdə, komandamıza inamımızda yanılmamışıq.
Çempionatda iştirak edən idmançıların əksəriyyəti böyük təcrübəyə, çoxlu qələbələrə və yüksək əyarlı medallara sahib idmançılardır. Komandamıza qarşı müəyyən qərəzli münasibətin və bəzi hakimlər tərəfindən texniki haqsızlıqların olmasına baxmayaraq, MOİK idmançılarının bu çempionatda 11 medal qazanması komandamızın əzmindən və güləşçilərimizin təcrübəsindən xəbər verir.
Yarışların Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi ərəfəsinə təsadüf etməsi güləşçilərimizi daha da həvəsləndirib və onlar qazanılan medalları ölkəmizə bayram hədiyyəsi olaraq qəbul edirlər.
Moskvada əldə etdiyimiz medallar həqiqətən idmançıların və məşqçilərin yarışlara məsuliyyətlə yanaşmalarının bariz nümunəsidir. Daha böyük qələbələr qazanaraq bayrağımızı ucaltmaq, azarkeşləri sevindirmək və etimadı daim doğrultmaq məqsədilə növbəti yarışlara da inamla hazırlaşacağıq.
- Maraqlı söhbət üçün təşəkkür edirik.
- Sağ olun.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

İdman 2018-05-19 20:10:00