×
A
A
A
Sazlamalar

Hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının bağlanış mərasimi keçirilib

Bakı, 19 may, AZƏRTAC

Mayın 19-da Moskvada hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının təntənəli bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Beynəlxalq Hərbi İdman Şurasının (CISM) rəsmi nümayəndəsi Kim Hyun Soo, Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin, Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiasvili, çempionatın təşkilat komitəsinin sədr müavini Roman Kudryavçev, hakimlər briqadasının sədri Vladimir Qriqoryev, Dünya Güləş Birliyinin (UWW) rəsmi nümayəndəsi Uve Manz, CISM-in güləş komitəsinin sədri Marko Kopella, təşkilat komitəsinin vitse-sədri Oleq Parxomenko, CISM-in Qafqaz, Qara dəniz və Balkanlar üzrə koordinatoru, ehtiyatda olan polkovnik Nevzat Varol, müxtəlif idman təşkilatlarının nümayəndələri, veteran idmançılar, Rusiya MOİK-in üzvləri, iştirakçı ölkələrin heyət rəhbərləri, yarışlarda iştirak edəcək komandaların üzvləri, hakimlər, məşqçilər, hərbi qulluqçular və mətbuat nümayəndələri iştirak ediblər.
Bağlanış mərasimində çıxış edən CISM-in rəsmi nümayəndəsi Kim Hyun Soo yarışın əhəmiyyətindən danışıb, idmançılara uğurlar arzulayıb.
Çempionat bağlı elan edildikdən sonra CISM-in bayrağı gələn il yarışlara ev sahibliyi edəcək Çinin Müdafiə Nazirliyinin nümayəndəsinə təqdim edilib.
Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam edib.
Xatırladaq ki, Azərbaycanın Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandasının da qatıldığı hərbçilərin güləş üzrə 33-cü dünya çempionatında 22 ölkədən 350-dən çox idmançı iştirak edib. Yarış iştirakçılarının yarıdan çoxu Olimpiya, dünya və Avropa çempionatlarının mükafatçıları olub.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, MOİK-in rəisi polkovnik-leytenant Rəşad Quliyev, sərbəst güləş üzrə komandamızın rəhbəri Nazim Əlicanov, yunan–Roma güləşi üzrə komandamızın rəhbəri isə Taleh İsrafilovdur. Azərbaycan nümayəndə heyətinin tərkibinə, həmçinin beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov və Sədi Quliyev də daxildir.
Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun komandası yarışlarda 2-si qızıl olmaqla 11 medal qazanıb.

İdman 2018-05-19 19:31:00