×
A
A
A
Sazlamalar

Sağlamlıq imkanı məhdud olanların problemlərinin həlli istiqamətində layihənin icrasına başlanılıb

Bakı, 19 may, AZƏRTAC 

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi bu ilin mayından sentyabrınadək “Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin, məhbusların və ailə üzvlərinin problemlərinin həllinə dəstək” layihəsinin həyata keçirilməsinə başlayıb. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırılır. Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüquq və İnsan Haqları İnstitutunda layihənin təqdimatına həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Qarabağ torpaqlarının azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra layihənin rəhbəri və İctimai Birliyin sədri Tahir Xudiyev həyata keçirilən layihənin icrası zamanı qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olanların, eləcə də məhbusların və onların ailə üzvlərinin tibbi-sosial, hüquqi və psixoloji problemlərinin həllinə nail olmaq, həmçinin məhbusların cəzaçəkmə müəssisələrindən başlayaraq həyata adaptasiyası və reabilitasiyasına kömək göstəriləcəyini bildirib.
İctimai Birliyin İdarə Heyəti üzvü, AMEA Mərkəzi Elmi Kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanov layihə başa çatanadək həmin kateqoriyadan olanların problemlərinin həlli ilə əlaqədar təkliflərin hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim ediləcəyini deyib.
Digər çıxış edənlər imtiyazlı vətəndaşların sosial problemlərinin həlli uğrunda həyata keçirilən layihənin vacibliyini vurğulayıblar.

Sosial 2018-05-19 17:48:00