Venesuelalı cüdoçu Elvismar Rodriqez Bakıda keçiriləcək dünya çempionatında qələbəyə iddiaçılardandır
Bakı, 19 may, AZƏRTAC
Venesuela millisinin Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün heyəti açıqlanıb. Bakıdakı mundialda bu ölkədən dörd cüdoçu tatami üzərinə çıxacaq.
AZƏRTAC xəbər verir ki, məşqçilər korpusu dünya çempionatında qadınların yarışında Anruquelis Barrios (63 kq), Elvismar Rodriqez (70 kq) və Karen Leona (78 kq) şans verəcəklər. Kişilərin mübarizəsində isə Pedro Pineda (100 kq-dan yuxarı) birincilik uğrunda mübarizə aparacaq.
Bakıda medallara iddialı cüdoçular sırasında Elvismar Rodriqez də var. Xanım cüdoçu 1997-ci ildə Puerto-Ordas şəhərində anadan olub. 2014-cü ildə Nankində keçirilən Yeniyetmələrin II Olimpiya Oyunlarını üçüncü pillədə başa vuran E.Rodriqez iki il əvvəl Kubada, ötən il isə Panamada təşkil olunan Panamerika Oyunlarında bürünc medal qazanıb. “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançı Braziliyada uğursuz çıxışı ilə yadda qalıb. O, elə ilk görüşdə Anqola təmsilçisi Antonia Moreireyə uduzub.
Beynəlxalq Cüdo Federasiyasının reytinq cədvəlində 16-cı pillədə qərarlaşan idmançının kolleksiyasında Azərbaycanda qazandığı medal da var. Cüdoçu ötən mövsüm Bakıda keçirilən “Böyük dəbilqə” turnirinə qatılıb və mötəbər yarışın bürünc medalını qazanıb. Elvismar, həmçinin ötən il Tbilisi və Antalya Qran-prilərində finaladək irəliləməyi bacarıb.
Elvismar Rodriqez Bakı mundialında medallara iddiaçılardan hesab olunur. O, sentyabrın 20-27-də Bakıda keçiriləcək dünya çempionatına qədər Huh-Hoto və Budapeşt Qran-prilərində mübarizə aparacaq.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir