×
A
A
A
Sazlamalar

Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində misilsiz rolu var

Lənkəran, 19 may, Bağır Əliyev, AZƏRTAC 

Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində misilsiz rolu var. Cəmi 23 ay yaşamasına baxmayaraq, Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş konfransda səsləndirilib.
Tədbirdə çıxış edən LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə Avropanın ənənəvi demokratik respublikalarından heç də geri qalmırdı.
Diqqətə çatdırılıb ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olub. Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaradıb. Həmin tarix hər il ölkəmizdə Respublika Günü kimi təntənə ilə qeyd edilir.
Konfransda LDU-nun dosentləri Əliağa Baxşıyevin, Kamal Mahmudovun, Gülbəniz Əliyevanın, Mirhüseyn Abbasın, doktorant Nurlana Məliklinin Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi qısa müddət ərzində yürütdüyü daxili və xarici siyasət, sosial-iqtisadi və mədəni inkişaf sahəsində gördüyü işlərlə bağlı məruzələri dinlənilib.

 

Regionlar 2018-05-19 14:31:00