×
A
A
A
Sazlamalar

Asiyanın mirvarisi İndoneziyada bir neçə gün...

Bakı, 19 may, Anar Rzayev, AZƏRTAC 

AZƏRTAC-ın əməkdaşı, bir qrup jurnalistlə birgə İndoneziyada səfərdə olub. O, İndoneziyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşan səfərlə bağlı təəssüratını oxucularla bölüşür.
İndoneziyanın Asiyadakı ticarət yollarının kəsişməsində yerləşən təbii limanı olan, yenilikləri özündə birləşdirən kosmopolit şəhər Cakartadan başlayan səfər çərçivəsində bu gözəl diyarın turizm potensialı ilə tanış olmaq imkanı əldə etdik. Şəhər maqnit kimi hər zaman 100 minlərlə turisti özünə cəlb edir. Cakarta öz görkəmi, tarixi abidələri, qonaqpərvər insanları ilə buraya gələn qonaqların zövqünü oxşayır. Şəhərin müalicəvi əhəmiyyət daşıyan təbiəti bura turist axınını daha da artırır. Həmçinin, şəhərdə keçirilən beynəlxalq festivallar, idman yarışları regionun əhəmiyyətindən xəbər verir.
Cənub-Şərqi Asiyada ən böyük məscidlərdən sayılan Cakardadakı İstiqlal məscidində eyni zamanda 120 min müsəlman namaz qıla bilər. İndoneziyanın müstəmləkəçilərdən qurtularaq dövlət müstəqilliyi qazanması münasibətilə məscidə İstiqlal adı verilib. Xüsusi fondların maliyyə yardımı ilə imkansız uşaqların bu mədrəsədə təhsil almaq imkanı var.
İndoneziyanın digər ən böyük sənaye şəhəri olan Bandunq Qərbi Yavada yerləşir. Çay, kofe plantasiyaları və vulkanlarla əhatə olunan Bandunq yağışlar şəhəri də adlanır. Bu ərazi sıx meşələrin əhatəsində yerləşir və gözəl mənzərəsi ilə bura gələnləri heyran edir. Bandunq yağışlar şəhəridir. Şəhər, həmçinin öz təmiz havası, minerallarla zəngin təbii ehtiyatları ilə turistləri özünə cəlb edir.
Təsadüfi deyil ki, hər il minlərlə xarici turist bu şəhərə gələrək öz şəfasını burada axtarır. Bir sözlə, bura gözəl mənzərəsi, sakit və əsrarəngiz təbiəti ilə əsl istirahət mərkəzidir.
Dövlət Çay Təsərrüfatı Fabriki ilə tanışlıq, burada hazırlanan təbii çaydan dadmaq turistlər üçün maraqlı gəzintilərdən biri hesab olunur. Dörd min hektar əraziyə malik çay plantasiyası istehsal etdiyi məhsulun əsas alıcıları Rusiya, ərəb ölkələri, ABŞ, Almaniya, Səudiyyə Ərəbistanıdır.
Növbəti dayanacağımız tarixi ilə bizləri qədim zamanlara, müasirliyi ilə isə bu günümüzə qaytaran Bali adası oldu. İldə 6 milyondan çox turisti qəbul edən Balidə əhalinin əksəriyyəti bali dilində danışır. Burada küçələri gəzərkən hər addımbaşı möhtəşəm tarixi abidələr, sənət əsərləri, müxtəlif tikililərlə qarşılaşmamaq mümkün deyil. Adanın tarixiliyi, möhtəşəm təbiəti, əsrarəngiz mənzərəsi hər il yüz minlərlə turistin bu şəhərə axınını təmin edir. Şəhərin mərkəzindəki bütün binalar eyni dövrün arxitekturasını əks etdirir. Bali, İndoneziyada induizmin məskəni sayılır. Adanın qədim arxitekturası ilə müasir binalar həmahənglik təşkil edir. Burada 20 mindən çox qədim məbəd qorunub saxlanılıb. Ən məşhur Pura Tanah Lot məbədi okeanın içərisində yerləşir. Pura Tanah Lot məbədi Balinin gözəlliyini daha da artırır. İlin istənilən fəslində bu abidəni yalnız sular çəkiləndə ziyarət etmək mümkündür.
Balinin digər özəlliyi onu qəribəliyi ilə özünə cəlb edən Keçak rəqsidir. Səhnədə baş verən xeyir və şər qüvvələrin savaşını yüz nəfərdən ibarət rəqqas qrupu nümayiş etdirir, sanki ibtidai icma quruluşuna səyahətin təqdim olunduğu səhnə önündə xeyli turist görmək mümkündür.
Balinin digər görməli məkanlarından biri də Alas Kedaton adlandırılan “Meymunlar meşəsi”dir. İnanılmaz təbiət, yaşıllıqların əhatəsində müxtəlif növ meymunlar bura gələnləri sanki təəccübləndirir. Balinin əsas giriş vəsiqəsi əlbəttə ki, çimərlikləridir. Ağ qumlu çimərliklər, əsrarəngiz Hind okeanında surfinq turistlər arasında çox məşhurdur.
Böyük bir tarixi, gözəlliyi ilə yanaşı, Bali insanı öz gözəl, təmiz küçələri, müasir infrastrukturu ilə də valeh edir. İndoneziya, həmçinin özünəməxsus, bir-birindən fərqli və rəngarəng təamlara malik mətbəxi ilə seçilir. İndoneziya mətbəxinin təamları həm dadlı, həm də doyumludur. Şəhərdə müasirliklə və qədimliyin vəhdəti qovuşur.
Asiyanın görməli və gəzməli diyarlarından biri olan İndoneziyadan xoş təəssüratla ayrılsaq da bu cazibədar diyar heç zaman yaddaşımızdan silinməyəcək.

 

Turizm 2018-05-19 14:04:00