×
A
A
A
Sazlamalar

BP: Səngəçal terminalı “Şahdəniz-2” üzrə kommersiya qazını tədarük etməyə hazırdır

Bakı, 19 may, Nihad Budaqov, AZƏRTAC
Səngəçal terminalı “Şahdəniz-2” çərçivəsində kommersiya təbii qazını tədarük etməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu barədə BP şirkəti öz “twitter” səhifəsində bildirib. Qeyd edilir ki, terminalın genişləndirilməsi layihəsi çərçivəsində işlərin pik vaxtında 10 min nəfər çalışıb, 50 milyon nəfər-saat iş görülüb və dünya səviyyəli təhlükəsizlik tədbirləri təmin edilib.
“Təbii qaz “Şahdəniz-2” yatağının “Bravo” platformasından bir sıra sualtı boru kəmərləri ilə Səngəçal terminalına nəql ediləcək. Genişləndirmə çərçivəsində mövcud terminalın istehsal gücü ikiqat artacaq. Bu, əlavə 16 milyard kubmetr qazı emal və ixrac etməyə imkan verəcək. Yeni inşa edilmiş sistemə artıq ilk karbohidrogen daxil edilib. 2018-ci ildə “Şahdəniz-2” üzrə ilk kommersiya qazının ixracı hədəflənir”, - deyə BP-nin məlumatında qeyd edilir.
Qeyd edək ki, Bakıdan 55 kilometr cənubda yerləşən Səngəçal terminalı Azərbaycanın neft-qaz sənayesi üçün böyük əhəmiyyətə malik obyektlərdən biridir. Terminal Xəzər hövzəsində BP tərəfindən işlədilən bütün mövcud dəniz yataqlarından hasil edilən xam nefti və qazı qəbul etmək, texnoloji emaldan keçirmək, saxlamaq, ixrac etmək üçün nəzərdə tutulub. Terminala neft və qazı texnoloji emal edən qurğular, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin birinci nasos stansiyası, Cənubi Qafqaz boru kəmərinin (CQBK) kompressor stansiyası və digər qurğular daxildir. “Şahdəniz-2” çərçivəsində Səngəçal terminalında əsas genişləndirmə işləri aparılıb. Terminalın operatoru BP şirkətidir.

Neft - qaz 2018-05-19 13:14:00