×
A
A
A
Sazlamalar

Məktəblilər arasında beynəlxalq epistolyar inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb YENİLƏNİB

Bakı, 19 may, Elvira Məmmədova, AZƏRTAC
Ümumdünya Poçt İttifaqının elan etdiyi məktəblilər arasında 47-ci epistolyar inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, mayın 19-da qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Əvvəlcə məktəblilərin "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) mərkəzi binasına ekskursiyası təşkil olunub. "Azərpoçt" MMC-nin baş direktoru Emin Əfəndiyev Azərbaycan poçtunun yaranma tarixindən, MMC-nin fəaliyyətindən, həyata keçirdiyi layihələrdən danışıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin daxili nəzarət və audit şöbəsinin müdiri Tahir Məmmədov müsabiqənin qaliblərini təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. “İnanırıq ki, gələcəkdə sizin sıralarınızdan poçt işçiləri, bu sahənin inkişafında rolu olacaq mütəxəssislər formalaşacaq. Siz Ümumdünya Poçt İttifaqının müsabiqəsində iştirak etməklə, bu sahədə artıq öz addımınızı atmısınız. Ümid edirik ki, qaliblərimiz bu müsabiqənin finalında yer tutacaqlar”, - deyə Tahir Məmmədov bildirib.
Qeyd olunub ki, Ümumdünya Poçt İttifaqı (ÜPİ) 47 ildir ki, təşkilata üzv ölkələrin poçt administrasiyaları ilə birgə ümumtəhsil məktəbliləri arasında epistolyar (məktub şəklində yazı) inşa müsabiqəsi keçirir. Ölkəmizdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” MMC və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə cari ilin fevral ayında start verilən növbəti epistolyar inşa müsabiqəsi yekunlaşıb, qaliblər müəyyən olunub.
Müsabiqə barədə məlumat verən Təhsil Nazirliyinin nümayəndəsi bildirib ki, müsabiqədə iştirak üçün 27 min 733 inşa yazısı təqdim olunsa da, ümumilikdə 30 şagird qalib seçilib. Müsabiqəyə “Təsəvvür edin ki, siz zaman üzrə səyahət edən bir məktubsunuz. Siz öz oxucularınıza hansı müraciəti çatdırardınız?”, “Azərbaycan ordusu: 100 illik inkişaf yolu”, “Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli şəxsiyyətləri” mövzuları üzrə yazılar təqdim edilib. Birinci mövzu Ümumdünya Poçt İttifaqı, ikinci "Azərpoçt" MMC, üçüncü mövzu isə Təhsil Nazirliyi tərəfindən təklif edilərək təsdiqlənib.
Hər mövzu üzrə 1 qalib olmaqla 1-ci yer üzrə 3 nəfərin hər birinə 150 manat, hər mövzu üzrə 2 qalib olmaqla 2-ci yer üzrə 6 nəfərin hər birinə 100 manat, hər mövzu üzrə 3 qalib olmaqla 3-cü yer üzrə 9 nəfərin hər birinə 80 manat və hər mövzu üzrə 4 qalib olmaqla, həvəsləndirici yerlər üzrə 12 nəfərin hər birinə 80 manat məbləğində pul mükafatları, eyni zamanda, fəxri fərman və hədiyyələr təqdim olunub.
Məlumat verilib ki, Ümumdünya Poçt İttifaqının təklif etdiyi mövzu üzrə qalib elan edilən 9-cu sinif şagirdi Ləman Qələndərlinin inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının İsveçrənin paytaxtı Bern şəhərində yerləşən mərkəzi ofisinə göndərilib. Müsabiqənin şərtlərinə görə, toplanan inşalar UNESCO-nun təşkil etdiyi münsiflər heyətinə təqdim olunacaq. Sonda 3 əsas qalib və 5 laureat müəyyən olunur.
Qaliblər qızıl, gümüş, bürünc medallarla, laureatlar isə xüsusi hədiyyələrlə mükafatlandırılır.
Qızıl medalın sahibi olan məktəbli Beynəlxalq Büronun mükafatını almaq üçün Bern şəhərinə dəvət olunur. Gümüş və bürünc medalların sahiblərinin adları, ən yaxşı inşa yazısı ilə birlikdə “Poçt İttifaqı” jurnalında çap olunur.
Beynəlxalq Büro bu hadisənin mətbuatda hərtərəfli işıqlandırılmasını təmin etməklə, ictimaiyyətin diqqətini laureatların aid olduğu ölkələrə cəlb edir. Mükafatlandırma mərasimi hər il oktyabrın 9-da Ümumdünya Poçt Günü keçirilir.
Xatırladaq ki, “Azərpoçt” MMC 1993-cü ildən ÜPİ-nin üzvüdür.

İKT 2018-05-19 12:52:00