×
A
A
A
Sazlamalar

Cənubi Koreya ABŞ-ın strateji aviasiyası ilə manevrlərdə iştirak etməyəcək

Bakı, 19 may, AZƏRTAC

Koreya Respublikası KXDR-in kəskin reaksiyasından çəkinərək ABŞ Hərbi Hava Qüvvələrinin strateji aviasiyasının cəlb olunacağı manevrlərində iştirakdan imtina edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu həftə B-52 strateji bombardmançılarının iştirakı ilə “Blue Lightning” manevrlərinin keçirilməsi planlaşdırılmışdı. Lakin Cənubi Koreya tərəfi bunun KXDR və ABŞ liderlərinin sammiti astanasında koreyalararası münasibətlərə mənfi təsirindən ehtiyatlanaraq, təlimlərdə iştirak etmək istəmədiyini bildirib.
KBS telekanalının məlumatına əsasən, Koreya Respublikasının milli müdafiə naziri Son Yon Mu və Koreya yarımadasında ABŞ-ın hərbi kontingentinin komandanı general Visent Bruks arasında mayın 16-da keçirilən görüşdə B-52 bombardmançılarının yalnız Yaponiyanın hava məkanında uçuşlar həyata keçirəcəyi və Cənubi Koreya zonasına keçməyəcəyi barədə razılıq əldə olunub.
Qeyd edək ki, KXDR hökuməti ABŞ və Cənubi Koreya Hərbi Hava Qüvvələrinin müştərək “Max Thunder” təliminin keçirilməsi ilə əlaqədar mayın 16-da Seulla planlaşdırılan danışıqları ləğv edib və onu “Koreya yarımadasında müsbət siyasi inkişafa zidd olan təxribat” adlandırıb. Pxenyan, həmçinin ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında iyunun 12-də Sinqapurda keçirilməsi planlaşdırılan görüşü də sual altına alıb.

Dünya 2018-05-19 12:37:00