×
A
A
A
Sazlamalar

Şabranda intellektual oyun üzrə turnirin qalibləri mükafatlandırılıb

Şabran, 19 may, Elxan Yusifli, AZƏRTAC

Şabranda yeniyetmə və gənclərin iştirakı ilə hərb tariximizin və qəhrəmanlarımızın təbliği məqsədilə keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə turnirin qalibləri mükafatlandırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bilik yarışı Şabran rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsinin dəstəyi, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.
Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Ordunun 100 illik yubileyi münasibətilə təşkil olunan turnirin açılış mərasimində çıxış edənlər tədbirin əhəmiyyətindən danışaraq bildiriblər ki, ölkəmizin hərb tarixinin, onun zəngin təcrübəsinin, qəhrəmanlarımızın, hərb xadimlərimizin gənclər arasında tanıdılması və təbliğ edilməsi vacibdir. Layihə, eyni zamanda, “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsi bəndinin icrasının da həyata keçirilməsinə dəstək vermək məqsədi daşıyır.
Bilik yarışmasında “Viktoriya” komandası 11 xalla turnirin qalibi adını qazanıb. “Çıraqqala” komandası ikinci, “Everest” biliciləri isə üçüncü yeri tutublar. İlk üç yeri tutan komandalar Quba şəhərində keçiriləcək zona finalında iştirak etmək hüququ qazanıblar.
Qalib və mükafatçılara layihə çərçivəsində kubok, medal, diplom və digər hədiyyələr təqdim edilib.
Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Hərb tariximizin intellektual oyunlar vasitəsilə təbliği” layihəsi əsasında keçirilib. Layihə çərçivəsində növbəti tədbir Qusar rayonunda olacaq.

Regionlar 2018-05-19 11:35:00