×
A
A
A
Sazlamalar

ABŞ-dakı qaz quyularının sayı 200-ə çatıb

Bakı, 19 may, AZƏRTAC
ABŞ-dakı neft quyularının sayı dəyişməyərək 844 ədəd olub.
AZƏRTAC “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ötən həftə ABŞ-dakı aktiv neft-qaz quyularının sayı 1 ədəd artaraq 1046 ədəd olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv neft-qaz quyularının sayı 145 ədəd çoxalıb.
Ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft quyularının sayı dəyişməyərək 844 ədəd olub. Bu, ölkədəki neft quyularının sayının 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatması deməkdir. Neft quyularının sayı son 17 həftənin 14-də artım göstərib. Ötən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 124 ədəd çoxalıb.
Keçən həftə ölkədəki aktiv qaz quyularının sayı isə 1 ədəd artaraq 200 ədəd olub. 2017-ci ilin müvafiq dövrünə nisbətən ölkədəki qaz quyularının sayı 20 ədəd artım göstərib.
Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatmışdı. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft quyularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləmişdi.

Neft - qaz 2018-05-19 11:29:00