×
A
A
A
Sazlamalar

Ana təbiətin bir parçası olan qoruqlar

Bakı, 19 may, AZƏRTAC

Ölkəmizdə 9 milli park, 13 dövlət qoruğu, 24 dövlət təbiət yasaqlığı qorunub saxlanılır. Həmin məkanlarda Azərbaycanın təbii sərvətlərinin mühafizəsinə diqqət yetirilir, bioloji müxtəlifliyin qorunması sahəsində ardıcıl, məqsədyönlü və intensiv iş aparılır.
AZƏRTAC həmin qoruqlardan bəziləri haqqında məlumat verir.
Türyançay dövlət təbiət qoruğu 2,63 hektar sahəni əhatə edir. Onun mühafizə zolağı 1958-ci ildə yaradılıb. Qoruq sahəsinin 73 faizi meşə zolağından ibarətdir. Burada sayca az olmasına baxmayaraq müxtəlif heyvanlara rast gəlmək mümkündür.
Azərbaycan təbiətinə məxsus gözəlliklərin qorunduğu məkanlardan biri də 1925-ci ildə yaradılmış Göygöl Dövlət Qoruğudur. Qoruq Qafqazın şimal-şərq yamacında, Göygöl rayonunda yerləşir, ərazisində 10-a yaxın göl var. Göygöl Dövlət Təbiət Qoruğu Eldar şamı meşələrindən ibarətdir. Florasının tərkibini 420 növ bitki, o cümlədən 76 növ ağac və kolluqları, şərq fıstığı, şərq palıdı və vələs ağacları təşkil edir. Qoruqda 30 növ məməli, 6 növ sürünən, 1 növ balıq, 46 növ quş məskunlaşıb.
Qızılağac Dövlət Qoruğu 1929-cu ildə Xəzər sahilinin cənub-qərbində 88,4 min hektar ərazidə köçəri, su, bataqlıq və çöl quşlarının qışlaması, artırılması və qorunması məqsədilə yaradılıb. Qızılağac və kiçik Qızılağac körfəzləri və onların sahil zonalarını əhatə edir. Körfəzlərin sahillərindəki şoran torpaq qamış və kollarla örtülüb. Kolluq və qamışlıqlar isə ov quşlarının gizlənməsi üçün münasib şərait yaradır. Respublikanın Qırmızı kitabına düşən quşların əksər növləri məhz bu qoruqda və onun sərhəd ərazisində yaşayır. Burada 22 dəstədən və 248 növdən ibarət su, bataqlıq və çöl quşları mühafizə olunur. Qoruq köçəri quşların çoxalmasında müstəsna rol oynayır. Bura hər il Qərbi Sibir, Qazaxıstan, Cənubi Ural və Şimali Afrikadan qaz, ördək, durna, bağ quşu, qutan və başqa quşlar köçüb gəlir.
Pirqulu Dövlət Təbiət Qoruğu 1968-ci ildə Böyük Qafqazın cənub-şərq hissəsində yaradılıb. Ümumi sahəsi 1,52 min hektar, meşəlik ərazisi isə 1,43 min hektardır. Qoruq ərazisinin 57 faizini vələs, 34 faizini palıd, 18 faizə yaxınını isə fıstıq ağacları təşkil edir. Əlverişli, münasib iqlim və bitkilər aləminin müxtəlifliyi sayəsində burada vəhşi heyvanların yaşaması üçün gözəl şərait yaradılıb. Qoruqda 30 növ məməli, 9 növ sürünən, 6 növ amfibiya, 64 növ quş yaşayır. Azərbaycanın qoruq və parklarında yaşı yüzdən yuxarı 2083 ağac, 37 bioloji və paleontoloji obyekt və 15 min hektar endemik və meşə sahəsi var.

 

Ekologiya 2018-05-19 11:05:00