×
A
A
A
Sazlamalar

Bakının pərakəndə ticarət şəbəkəsində 2135,8 milyon manatlıq ərzaq məhsulu satılıb

Bakı, 19 may, AZƏRTAC
Cari ilin yanvar-mart aylarında paytaxtın pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz artaraq 2135,8 milyon manat, qeyri-ərzaq məhsullarının həcmi isə 4,3 faiz artaraq 2577,2 milyon manat olub.
Bakı şəhər Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, dövriyyənin ümumi həcmində qeyri-ərzaq məhsullarının xüsusi çəkisi ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artaraq 54,7 faiz təşkil edib.
Cari ilin əvvəlindən istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 39,0 faizi ərzaq məhsullarının, 6,3 faizi içkilər və tütün məmulatlarının, 13,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 4,5 faizi elektrik malları və mebelin, 2,8 faizi kompyuterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 2,3 faizi əczaçılıq və tibbi malların, 6,9 faizi avtomobil yanacağının, 24,8 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Elektron qaydada pərakəndə ticarət şəbəkəsində 10,3 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 5,1 faiz az istehlak məhsulları satılıb.

İqtisadiyyat 2018-05-19 02:41:00