×
A
A
A
Sazlamalar

Heyrətamiz Dubay: səyahət davam edir

Bakı, 18 may, Emil Eyyubov, AZƏRTAC

Dünya turizminin ən populyar istiqamətlərindən biri olan Dubay haqlı olaraq səyahətçilərin məhəbbətini qazanıb. Əmirlik qonaqpərvərliyin avanqardında qalmaq məqsədilə əlindən gələni edir. Hər il burada hər kəsin zövqünə görə əyləncə obyektləri, restoranlar, otellər açılır, maraqlı ekskursiyalar təklif edilir.
Sizi Dubayda dolğun istirahət imkanları ilə tanış etməyimizin davamı olaraq, bu dəfə Körfəzdə motorlu qayıqla gəzintidən, Əmirliklərdə Misir ehramları formasında tikilmiş yeganə oteldən və axşam ulduzlu səma altında bədəvisayağı istirahətdən söz açacağıq.

Gözəl yaşamaq eyib deyil!

Biz Dubayın yeni rayonları haqqında artıq danışmışıq, indi isə ticarət məhəlləsindən söhbət açaq. “City Walk” kompleksi Dubayın mərkəzində neçə ildir fəaliyyət göstərsə də, biz onun haqqında bu yaxınlarda eşitdik. Kompleks Cumeyranın Al-Satva mərkəzi rayonunda yerləşir. Burada 13 min kvadratmetr sahədə dünya brendlərinin 50-dən çox mağazası, o cümlədən geyim, ətriyyat, aksesuar butikləri yerləşir. Bütün bunlar çoxsaylı kafe və restoranlarla növbələşir. Bir sözlə, “City Walk” maraqlı şopinq və ya açıq havada kafedə vaxt keçirmək üçün geniş imkanları olan dəbli məkandır. Bütün kompleks vahid orijinal üslubda layihələndirilib. Buradan Dubayın işgüzar hissəsinə açılan mənzərə diqqəti xüsusilə cəlb edir – “Bürc Xəlifə” başda olmaqla göydələnlər silsiləsi sanki ovcunuzun içindədir. Belə yüksəklikdən çəkilən fotolar effektli olur. Əgər siz mərkəzin yaxınlığında (buradan “Dubai Mall”a taksi ilə 5-10 dəqiqəyə çatmaq olar) işgüzar görüş keçirmək və ya xudmani yerdə nahar etmək istəyirsinizsə, o zaman “City Walk” kompleksini seçə bilərsiniz.
Biz isə Dubayın yeni kurortu olan “Bvlgari Resort”a yola düşürük. Eyniadlı zərgərlik brendinə məxsus bu kompleks süni adada yerləşir. Adanı Cumeyra rayonu ilə 300 metrlik körpü birləşdirir. “Bvlgari”nin bu ən böyük kurortu mehmanxana, altı yaşayış binası, 15 ev və 50 yanalma körpüsü olan yaxt-klubdan ibarətdir. Bu yaxt-klub brendin tarixində ilk dəfədir. Göründüyü kimi, “Bvlgari Resort” lüks klass kompleksidir və özünəlayiq qalmaq haqqı (bir gecəyə təxminən 400 dollar) var. Lakin kurortun ərazisindəki restoranlardan birinə getməyə, özəl çimərlikdə istirahət etməyə, sahəsi 1700 kvadratmetr olan, hamam, örtülü hovuz, fitnes-mərkəzdən ibarət spa-salonda dincəlməyinizin qarşısını heç kəs almır. Qiymətlər də ağlabatandır. Belə olan halda siz cəlbedici oteli də gözdən keçirə bilərsiniz. Onun dənizə baxan bütün nömrələri italyan dizayner mebeli ilə təchiz edilib. İnteryerlərin tərtibatı bütün incəliklərin nəzərə alınması ilə fərqlənir: palıd və mərmər səth, ipək pərdələr, təbii yun xalçalar. Çamadan formasında minibar və ya məşhur ev haqqında kitab kolleksiyası “Bvlgari” brendini seçənləri sevindirəcək. Villa nömrələrində hovuz və qış bağçası var.
Dənizlə əhatə edilən adadan, əlbəttə ki, gözəl mənzərə açılır: buradan günəşin qürubunu seyr etmək özgə aləmdir!

Dəniz Odisseyası

Dəniz mövzusunu davam etdirərək Dubayın ekskursiya sahəsində yenilikdən – “HERO OdySEA” motorlu qayıqlarında gəzintidən danışmaq istəyirik. Bu, turistlər üçün adi gəzinti deyil. İlk dəfə olaraq Dubayda sizə açıq dənizdə qayığı idarə etmək imkanı yaradılır. Bunun üçün hər hansı vərdiş, bacarıq tələb olunmur – təki arzunuz olsun. Lakin istəsəniz, təcrübəli təlimatçıya qayığı etibar edə bilər, özünüz isə arxada ikinəfərlik yerdə əyləşə bilərsiniz.
Qeyd edək ki, bu xidməti təklif edən “Platinum Heritage” Əmirliklərdə yeganə ekskursiya şirkətidir ki, turizm sahəsində “World Travel Awards” nüfuzlu beynəlxalq mükafatına layiq görülüb.
Yay mövsümündə ekskursiya müxtəlif vaxtlarda – 8:30, 10:30, 12:30 və digər saatlarda başlayır və günəş batanadək davam edir. Biz lap erkən vaxtı seçdik və təyin edilən saatda start məkanında – Umm-Sukeym rayonundakı Balıqçı limanına (Fishing Harbour 2) gəldik. Bu, “Miraj Makani” İslam İncəsənəti Mərkəzinin arxasında yerləşir. Dubay, məlum olduğu kimi, dənizin sahilində yerləşir və şəhərin mərkəzindən bu limana taksi ilə 15 dəqiqəyə çatmaq olar. Sahildə bizi təlimatçı olan rusdilli qız qarşıladı. O, bizə içki və xurmadan dadmağı təklif etdi və vaxtı itirməyərək ekskursiya haqqında ətraflı məlumat verdi. Sonra bizə xilasedici jiletlər geyindirdilər və ayaqqabılarımızı soyunmalı olacağımızı bildirdilər – onsuz da yaş olacaq.
Əşyalarımızı və ayaqqabılarımızı sahildə xüsusi şkafa qoyaraq qayıqlara mindik. Bu qayıqlar su skuterini xatırladır, lakin ondan fərqli olaraq içi hava ilə dolu, daha davamlı, təhlükəsiz və idarə edilməsi son dərəcədə asandır. Sizə sürət mexanizmini basmaq və istiqaməti seçmək qalır. Əvvəlcə təlimatçının arxasınca zəif sürətlə gedirik, bir qədər öyrəşəndən sonra onu ötmək də olar: qayıq saatda 60 kilometr sürəti asanlıqla götürür.
Səyahətin marşrutu Dubayın sahil xətti ilə uzanır, məşhur Atlantis kurortunun yerləşdiyi Cumeyra Palması otelini, “The World” süni arxipelaqını, məşhur “Burj Al Arab” yelkən-otelini, “Kite Beach” çimərliyini, sahilboyu villa və evləri əhatə edə bilər. Dənizdən Dubayın möhtəşəm göydələnləri qəşəng görünür. İstənilən vaxt sizə fotoaparat və ya telefonla şəkil çəkməyə icazə verilir. Texnikanın nəm çəkməməsi üçün onu qayığın hermetik “bardaçokunda” saxlamaq olar.
Əgər sahildə dəniz sakit idisə, biz oradan aralandıqca dalğaların gücləndiyini hiss etdik. Təlimatçı bunu sahilə qayıtmaq üçün siqnal hesab etdi – təhlükəsizlik hər şeydən üstündür.
Standart ekskursiya günün və mövsümün vaxtından asılı olaraq 75-90 dəqiqə davam edir. Belə ki, yayda təxminən saat 16:00-dan başlayan turlar əlçatandır. Bunların müddəti səhər və günorta turlarından 15 dəqiqə azdır, lakin siz dənizdə əks olunan şəfəqi – bu qeyri-adi gözəlliyi görmək imkanı qazanacaqsınız. Bundan başqa, yayda turun qiymətinə dəniz məhsullarından ibarət yeməyin qiyməti də daxildir. Seçdiyiniz yemək növü ekskursiyanın sonunda sizi sahildə, necə deyərlər, gözləyir.
Həmçinin nəzərə alın ki, ekskursiyanı əvvəlcədən şirkətin “hero-dubai.com” saytında bron etmək lazımdır. Əgər iki nəfərsinizsə, onda qənaət etmək imkanınız var: iki adam üçün bir qayığın qiyməti 690 dirhəmdən (187 dollar) başlanır. Biriniz sükan arxasında, biriniz isə sərnişin kimi əyləşərsiniz. Sonra yerlərinizi dəyişmək olar. Əgər hər birinizə ayrıca qayıq istəyirsinizsə, onda adambaşına 590 dirhəm (160 dollar) ödəməyə hazır olun.
“Adrenalin ehtiyacını ödəməyin” daha bir üsulu Əbu-Dabinin Yas adasında “Ferrari World” attraksionlar parkında “əyləncələr adasına” getməkdir. Dubaydan oraya 50 dəqiqəyə - əvvəlcə avtobusda (25 dirhəm, 7 dollar) Şahama stansiyasınadək, sonra taksidə (30 dirhəm, 8 dollar) getmək olar. Oraya getməyinə dəyər: “Ferrari World” parkında ən maraqlı təpəciklər yerləşib. Dünyanın ən sürətli “Formula Rossa” təpəciyi məhz burada fəaliyyət göstərir. Sərnişin dolu kiçik vaqon 2 saniyə ərzində 100 kilometr/saatdan özünün ən yüksək sürətinə - 240 kilometr/saata çatır. Digər attraksion – “Flying Aces” üç dünya rekordu qazanıb. Dünyada ən hündür ölüm ilgəyi (52 metr) və sürətli maili yoxuş (30 kilometr/saat sürətlə 51 dərəcə maillikdə) bu attraksiona məxsusdur. Əgər bu da sizə az olarsa, “Turbo Track” yeni attraksionuna getməyiniz məsləhətdir. Bu attraksion sizə 64 metr hündürlüyə 102 kilometr/saat sürətlə qalxmaq imkanı verir, oradan isə qarşınızda Yas adasına mənzərə açılacaq.

XXI əsrin piramidası və ərəb qonaqpərvərliyi

Sizə Misir ehramları formasında layihələndirilmiş unikal oteldən söz açmağın vaxtı çatdı. Bu, səfərimiz çərçivəsində iki gecə qaldığımız “Raffles Dubai” otelidir. Təkcə mehmanxana deyil, yaxınlıqdakı “Wafi Mall” ticarət mərkəzi də piramida formasında tikilib. Oteldən ticarət mərkəzinə keçid var. Keçən il 10 yaşını qeyd edən “Raffles Dubai” şəhərin ən gözəl və dəbli otelllərindən biridir. Körfəz ölkələrindən yüksək səviyyəli qonaqlar və tanınmış şəxslər bu oteldə qalırlar.
Otelin memarlığında və tərtibatında qeyri-adi genişlik diqqəti cəlb edir: hündür tavanlar, şəlaləli hol, qədim Misir ornamentləri ilə bəzədilmiş nəhəng sütunlar, girişdə Luksordakı “Çarlar vadisi”ndəki orijinalını xatırladan böyük heykəllər. Asiya üslubunun və Misir estetikasının nəfis çulğaşmasının mükəmməl nümunəsi olan “Raffles Dubai” şəhərin mərkəzində yerləşir. Otel qüsursuz xidmət təklif edir. Şəhər otelləri ilə müqayisədə ən geniş və təmtəraqlı tərtibatı ilə seçilən nömrələr bu oteldədir. Otaqlar ən müasir texnika – “ağıllı ev” sistemi ilə təchiz edilib. İşığı söndürmək, kondisioneri işə salmaq və ya pərdəni çəkmək üçün çarpayıdan qalxmaq lazım gəlməyəcək: bütün bunları otaqdakı planşetin ekranından idarə etmək olar.
Nömrələrdə balkon var ki, bu da şəhər otelləri üçün nadir haldır. Balkondan Dubayın işgüzar hissəsinə gözəl mənzərə açılır. Mənzərə axşam xüsusi təəssürat doğurur. “Azur” restoranında zəngin səhər yeməyi diqqətəlayiqdir. Burada nələr yoxdur! Meyvələrin 13 növünü saydıq. Burada verilən dağ balından mütləq dadın. Asiya yeməklərinin həvəskarları isə tərəvəzli və dəniz məhsullarından ibarət yeməkləri qiymətləndirəcəklər.
“Raffles”də müxtəlif ölkələrin mətbəxi təqdim edilir: “Solo” restoranında italyan ev yeməkləri, 17-ci mərtəbədə TOMO restoranında isə ənənəvi yapon yeməkləri təklif olunur. Otelin – piramidanın zirvəsində isə “Solitaire” gecə klubu yerləşir.
Otelinin digər özünəməxsus cəhəti “Wafi Mall”un damında palma ağaclarından ibarət bağın olmasıdır. Burada “Raffles Salon” kafesi fəaliyyət göstərir. Müştərilər qəhvə və çay içərək, şirniyyatlardan dadaraq dincələ bilərlər.
“Raffles” spa-mərkəzi üzgüçülük hovuzu, fitnes-mərkəzi və müxtəlif spa-prosedurları ilə dincəlməyə və istirahətdən tam zövq almağa imkan yaradar. Qeyd edək ki, otel metronun “Dubai Healthcare City” stansiyasının yaxınlığında yerləşir ki, buradan şəhərin istənilən yerinə getmək rahatdır.
Dubay öz qonaqlarına hər kəsin zövqünə uyğun istirahət təklif etsə də, öz bənzərsiz çaları ilə Şərq şəhəri olaraq qalır. Dubayın ruhunu hiss etmək üçün biz açıq səma altında yerləşən “Al Hadheerah Desert” ərəb restoranında şam yeməyinə və axşam şousuna getdik. Restorana Dubaydan 45 dəqiqəlik yoldur. Qumluqda yerləşən restoran “Bab Al Shams” otelinə məxsusdur.
Buraya gələrkən siz sanki “Min bir gecə” nağıllarındakı şəhərə düşmüş olursunuz: səciyyəvi ərəb üslubunda tikilmiş otel və restoranlar quşların cəh-cəh vurduğu, palma ağaclarının olduğu vahədə yerləşir. Şam yeməyində Yaxın Şərq mətbəxinin başlıca yeməkləri – cürbəcür kabablar, dəniz məhsulları yeməkləri, ərəb mətbəxinə xas qəlyanaltı və Şərq şirniyyatları verilir. Ət və balıq qonaqların yanında bişirilir və isti-isti verilir.
Əyləncəli proqrama ənənəvi musiqi alətlərində canlı musiqi, ərəb rəqsləri, səhrada tarixi döyüşü əks etdirən şoudan ibarətdir.
“Al Hadheerah Desert” restoranında adi günlərdə adambaşına qiymət 265 dirhəm, (72 dollar), istirahət günlərində 295 dirhəmdir (80 dollar). Bolluca yemək və içkilər bu qiymətə daxildir.
Görünür ki, “Bab Al Shams” rusdilli, eləcə də azərbaycanlı qonaqların arasında populyarlıq qazanıb. Biz həm buraya istirahətə gələnlərin, həm də buranın işçiləri arasında həmvətənlərimizi gördük.

Turizm 2018-05-18 21:43:00