×
A
A
A
Sazlamalar

Tbilisidə azərbaycanlı rəssamın sərgisi açılıb

Tbilisi, 18 may, AZƏRTAC

Gürcüstan paytaxtı Tbilisidə azərbaycanlı rəssam İntiqam Ağayevin rəsm əsərlərindən ibarət “Abşeronun rəngləri” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin “Akhundov House” Sərgi Qalereyasında təşkil olunan sərgidə rəssamın müxtəlif janrlarda çəkdiyi 20-dək rəsm əsəri nümayiş etdirilir.
Qalereyanın direktoru Arçil Bejanişvili sərgini açaraq Azərbaycanla Gürcüstan arasında mədəni əlaqələrin inkişafından danışıb, bu cür tədbirlərin təşkilinin münasibətlərimizin bütün sahələrdə inkişafına təkan verdiyini bildirib.
Sərginin təşkilatçısı, Gürcüstanın Fəal Azərbaycanlı Qadınlar Assosiasiyasının sədri Gültəkin Mustafayeva bildirib ki, sərgi Azərbaycan Xalq Cümhuriyyətinin və Gürcüstan dövlətinin yaranmasının 100 illiyinə həsr olunub. Sərginin əsas məqsədi ölkələrimiz arasındakı mədəni əlaqələrin inkişafına dəstək verməkdir.
Sərginin açılışında Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirliyin əməkdaşları, Gürcüstanın barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin Kvemo Kartli üzrə müşaviri Ayaz Məmmədov, hökumət üzvləri, incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
"Pirosmani" Beynəlxalq Rəssamlar Assosiasiyasının vitse-prezidenti Əli İsayev azərbaycanlı rəssamı xüsusi diplomla təltif edib.
Rəssam İntiqam Ağayev sərginin təşkilatçılarına və göstərilən diqqətə görə minnətdarlıq edib.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Mədəniyyət 2018-05-18 20:57:00