×
A
A
A
Sazlamalar

Türkiyəli mütəxəssislər Bakıda Nəqliyyatın İntellektual İdarəetmə Sistemi ilə tanış olublar

Bakı, 18 may, Elvin Camalov, AZƏRTAC

Türkiyəli mütəxəssislər Bakıda Nəqliyyatın İntellektual İdarəetmə Sistemi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumat verilib ki, müasir meqapolisə çevrilən Bakı şəhərində Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin daha mütərəqqi və davamlı texnologiyalara əsaslanaraq inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir. Məqsəd, bu sahədə göstərilən xidmətin keyfiyyətini artırmaqdır. Görülən işlərin səmərəli olması üçün inkişaf etmiş şəhərlərin təcrübəsi də öyrənilir. Bu məqsədlə Türkiyənin İstanbul şəhərinin İSBAK (İstanbul İnformasiya və Ağıllı şəhər Texnologiyaları) şirkətinin nümayəndələri Bakıda səfərdə olub. Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə baş tutan səfər çərçivəsində İSBAK şirkətinin mütəxəssisləri Nəqliyyatı İntellektual İdarəedilməsi Mərkəzi ilə tanış olub. Nəqliyyatın idarə edilməsi sahəsində mövcud vəziyyət, çatışmazlıqlar və onların həlli yolları ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Keçirilən görüşlər zamanı tətbiq edilən texnologiyalar və gələcək planlar, şəhərin nəqliyyat planlaşdırılmasında nəzərə alınması vacib olan məqamlara da müzakirə edilib. İSBAK mütəxəssisləri Bakı Nəqliyyat Agentliyinin həyata keçirəcəyi layihələrin uğurla reallaşmasına hər tərəfli dəstək verməyə hazır olduqlarını bildiriblər.

Nəqliyyat 2018-05-18 18:46:00