×
A
A
A
Sazlamalar

Suraxanıda silsilə maarifləndirici mühazirələr davam edir

Bakı, 18 may, AZƏRTAC

Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə Bülbülə qəsəbəsindəki 327 nömrəli tam orta məktəbdə, Yeni Suraxanı qəsəbəsindəki 89 nömrəli tam orta məktəbdə, “Suraxanıoyl” Əməliyyat şirkətində "Azərbaycan Xalq Cümhuriyyəti-100" mövzusunda maarifləndirici tədbirlər keçirilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, 327 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Rəşid Məmmədov, Bilik Fondunun Suraxanı rayonu üzrə nümayəndəsi Məlahət Əliyeva, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi Selcan Məmmədzadənin “Cümhuriyyət parlamentinə gedən yol” mövzusunda mühazirəsi maraqla qarşılanıb.
Yeni Suraxanı qəsəbəsindəki 89 nömrəli tam orta məktəbdə AMEA Tarix İnstitutunun elmi işçisi Əsmər Göyüşova “Azərbaycan Xalq Cümhuriyyəti – dünəndən bu günə” mövzusunda, “Suraxanıoyl” Əməliyyat şirkətində Bakı Dövlət Universitetinin professoru Alxan Məmmədov “Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq əlaqələri” mövzusunda mühazirə ilə çıxış ediblər.
Mütəxəssislər tədbir iştirakçılarına Azərbaycan tarixinin şərəfli səhifələri haqqında ətraflı məlumat veriblər. 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmasını yüksək dəyərləndirən natiqlər müsəlman Şərqində ilk parlamentli respublika olan Cümhuriyyətin xalqımızın tarixində misilsiz rol oynadığını vurğulayıblar.
Tədbir iştirakçılarının sualları cavablandırılıb.

Elm və təhsil 2018-05-18 18:36:00