×
A
A
A
Sazlamalar

“Heydər Əliyev və Azərbaycan mediası” mövzusunda konfrans keçirilib

Tədbir çərçivəsində "Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 18 may, AZƏRTAC
Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycan mediası" mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində, həmçinin birgə elan edilmiş "Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıb.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Fondun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov, Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və müsabiqədə qalib olmuş jurnalistlər iştirak ediblər.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbirin Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi baxımından əhəmiyyətini qeyd edib. Ümummilli Liderin hələ sovetlər birliyi dövründə Azərbaycanın gələcək müstəqilliyi üçün hərtərəfli zəmin hazırladığını deyən S.Mikayılov o illərdə Bakı şəhərində böyük tikinti-quruculuq işlərinin həyata keçirildiyini, yeni qəsəbələrin, yaşayış massivlərinin salındığını diqqətə çatdırıb.
Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərliyi illərində Bakının Qaradağ rayonunun sürətli inkişaf yolu keçdiyini deyən S.Mikayılov bu siyasətin son 15 ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
S.Mikayılov son illər rayon icra hakimiyyəti ilə jurnalistlər arasında sıx və məhsuldar əlaqələrin genişləndirilməsi baxımından Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə əməkdaşlığın əhəmiyyətli olduğunu bildirib .
Fondun icraçı direktoru Vüqar Səfərli ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş konfransın keçirilməsində məqsəd dahi şəxsiyyətin Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərinə, eləcə də medianın inkişafı sahəsində gördüyü böyük işlərə bir daha nəzər salmaqdır.
V.Səfərli dövlət müstəqilliyinin ilk illərində söz, fikir və məlumat azadlıqlarının təminatı sahəsində də ciddi problemlərin olduğunu, mətbuatın ciddi təzyiqlərlə üzləşdiyini xatırladıb. Bu acınacaqlı vəziyyətin yalnız ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə 1993-cü ilin iyununda hakimiyyətə gəlişindən sonra aradan qalxdığını deyən V.Səfərli 1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyasının 50-ci maddəsində hər kəsin söz, fikir, məlumat əldə etmək və yaymaq hüququnun təsbit edildiyini vurğulayıb.
Ümummilli liderin 1998-ci il 6 avqust tarixli Fərmanı ilə mətbuat üzərində senzuranın ləğvini mətbuatın inkişafında keyfiyyətcə yeni mərhələ kimi dəyərləndirən icraçı direktor sonrakı dövrdə medianın maddi-texniki bazasının möhkəmləndirilməsi, mükəmməl qanunvericilik bazasının formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. Bildirib ki, 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Qanunun qəbulu, 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv edilməsi, 2003-cü ildə Azərbaycan Mətbuat Şurasının yaradılması müasir mətbuat tariximizə ən parlaq səhifələr kimi daxil olub.
V.Səfərli deyib ki, ümummilli liderin mediaya qayğı siyasətini layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə söz, fikir və məlumat azadlıqlarının təmini, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. İcraçı direktor qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci ilin 31 iyulunda imzaladığı Sərəncamla "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyası"nın təsdiq edilməsi medianın inkişafına yeni təkan verib. Konsepsiyadan irəli gələn vəzifələrin gerçəkləşdirilməsi üçün 2009-cu ilin aprelində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb.
O, ötən illərdə Fondun mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması, mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.
Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycan dövləti xaos və anarxiyadan, vətəndaş müharibəsi təhlükəsindən xilas olaraq davamlı tərəqqi və inkişaf mərhələsinə qədəm qoyub. Ulu Öndərin islahatçı lider olduğunu vurğulayan Ə.Amaşov onun rəhbərliyi ilə 1993-2003-cü illərdə siyasi və hüquqi sahədə genişmiqyaslı islahatların aparıldığını, xüsusilə də müstəqil medianın formalaşdığını diqqətə çatdırıb.
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov ulu öndər Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində Azərbaycan dilinin, milli özünüdərkin inkişafı, respublika üçün milli kadrların hazırlanması istiqamətində həyata keçirdiyi tədbirlərdən söz açıb. O bildirib ki, Heydər Əliyev müstəqillik illərində ölkədə siyasi sabitliyi inzibati üsullarla deyil, məhz milli intellektual resurslar hesabına, informasiyanın gücü ilə təmin etməklə respublikanın dayanıqlı inkişafına nail olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri, "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov Azərbaycan mətbuatının inkişafının hələ ötən əsrin 70-80-ci illərindən ulu öndər Heydər Əliyevin xüsusi diqqət mərkəzində olduğunu xatırladıb. H.Həsənov bildirib ki, müstəqillik illərində ölkədə söz, fikir və məlumat azadlıqlarının yüksək səviyyədə mövcud olduğu pluralist cəmiyyətin formalaşması məhz Ümummilli Liderin tarixi xidmətləri ilə bağlıdır.
"İki sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə çıxışında bildirib ki, müasir Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu qoruyub saxlaması və böyük uğurlara imza atması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, KİV-in maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirilib. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi və azad fəaliyyəti üçün ölkəmizdə zəruri qanunvericilik bazası yaradıldı. Bu hüquqi baza informasiya azadlığına təminat verən, mətbuat da daxil olmaqla KİV-də dövlət senzurasının aradan qaldırılması prinsipini təsbit edən Azərbaycan Respublikasının Konstitusiyasına söykənir.
Vüqar Rəhimzadə, həmçinin bildirib ki, son 15 ildə Ulu Öndərin siyasətini bütün sahələrdə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev cəmiyyətin inkişafında və mövcud problemlərinin həllində medianın rolu və imkanlarını yüksək dəyərləndirir.
Çıxışlardan sonra Fondun Qaradağ Rayon İcra Hakimiyyəti ilə birgə keçirdiyi "Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb.
Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, müsabiqənin təşkilində məqsəd medianın Qaradağ Rayon İcra Hakimiyyəti ilə əlaqələrinin daha da genişləndirilməsi, rayonda əldə olunmuş nailiyyətlərin ictimaiyyətə dolğun və obyektiv şəkildə çatdırılması, habelə jurnalistlərin yaradıcı əməyinin stimullaşdırılmasıdır. İcraçı direktor 2018-ci il fevralın 23-dən aprelin 27-dək davam edən müsabiqəyə 27 kütləvi informasiya vasitəsindən 42 yazının təqdim edildiyini bildirib. V.Səfərli deyib ki, müsabiqənin elanında əksini tapmış şərtlərə əsasən 6 nəfər jurnalistə əsas, 10 nəfər jurnalistə həvəsləndirici mükafatların verilməsi nəzərdə tutulmuşdu: “Lakin Qaradağ rayon rəhbərliyi ilə əldə olunmuş razılığa əsasən, sonradan həvəsləndirici mükafatların sayı 20-yə çatdırılıb. Bu gün 26 nəfər müsabiqə iştirakçısının mükafatlandırılması nəzərdə tutulur”.
Sonda müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib.

Daxili siyasət 2018-05-18 18:01:00