×
A
A
A
Sazlamalar

Dövlət Miqrasiya Xidmətinin rəisi yerli və xarici iş adamları ilə görüşüb

Bakı, 18 may, AZƏRTAC

Mayın 18-də Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ölkədə fəaliyyət göstərən yerli və xarici iş adamları ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşün məqsədi Dövlət Miqrasiya Xidməti tərəfindən verilən iş icazələri, əmək miqrasiyası kvotası barədə işəgötürənlərə zəruri məlumatların çatdırılması, əcnəbi işçi qüvvəsinə tələbatın təmin edilməsi zamanı yaranan çətinliklərin, sahibkarları narahat edən məsələlərin və digər faydalı işgüzar mövzuların müzakirəsi olub.
Dövlət Miqrasiya Xidmətinin rəisi əməkçi miqrantların respublikada haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsinin qanunvericiliklə müəyyən olunan qaydaları və şərtləri barədə məlumat verib. V.Hüseynov Prezident İlham Əliyevin Dövlət Miqrasiya Xidməti qarşısında müəyyən etdiyi vəzifələrdən, qəbul olunan Dövlət proqramlarının uğurlu icrasından, ölkədə sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Xidmət rəisi bildirib ki, respublikada həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində əldə olunmuş nailiyyətlər, özəl sektorun inkişafına yaradılan münbit şərait ölkəmizdə iş adamlarına səmərəli fəaliyyət üçün mühüm imkanlar yaradıb.
Vurğulanıb ki, respublikada özəl sektora və sahibkarlığa dövlət dəstəyinin gücləndirildiyi, əlverişli biznes və investisiya mühitinin formalaşdığı bir vaxtda Dövlət Miqrasiya Xidməti də qanunvericiliyin tələblərinə uyğun olaraq səlahiyyətləri çərçivəsində sahibkarlarla əməkdaşlıq əlaqələrini daha da genişləndirəcək. Bununla əlaqədar özəl sektora Xidmət tərəfindən daim diqqət göstəriləcək, işəgötürənlərlə mütəmadi görüşlər keçiriləcək.
V.Hüseynov qeyd edib ki, iş icazələrinin verilməsi prosesini təkmilləşdirmək, şəffaflığı artırmaq və sahibkarların müraciətlərinə operativ baxılmanı təmin etmək məqsədilə DMX-də iş icazələrinə baxılma üzrə birbaşa Dövlət Miqrasiya Xidmətinin rəhbərinə müraciət imkanı verən “qaynar xətt” yaradılıb. Xidmətin rəsmi saytında xüsusi pəncərədə “qaynar xətt”in nömrəsi və elektron ünvanı yerləşdirilib. V.Hüseynov bildirib ki, işəgötürən DMX ilə bağlı hər hansı problemlə qarşılaşsa və yaxud onda iş icazələrinin verilməsi ilə əlaqədar sual yaranarsa dərhal “qaynar xətt” vasitəsilə birbaşa Xidmətin rəhbərinə müraciət edə bilər.
Dövlət Xidmətinin rəisi bildirib ki, respublikaya investisiya qoyan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan əcnəbilərin ölkədə olma və yaşamaları, həmçinin iş icazələri ilə bağlı məsələlər qanunvericilik baxımından kifayət qədər sadələşdirilib. V.Hüseynov vurğulayıb ki, dövlətimizin başçısının müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq, Dövlət Miqrasiya Xidməti bu sahə ilə bağlı mərkəzi icra hakimiyyəti orqanı kimi qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində işəgötürənlərin iş icazəsi, əmək miqrasiyası kvotası ilə bağlı müraciətlərinə tam şəffaf şəkildə baxılmasını təmin edəcək. Bununla bağlı məlumatların saytda rahat, əlçatan formada yerləşdiriləcəyini deyən Vüsal Hüseynov ölkəmizdə fəaliyyət göstərən yerli və xarici sahibkarlar konfederasiyalarının, iş icazələri üçün müraciət edən iri şirkətlərin nümayəndələrinin təmsil edildiyi iş icazələri ilə bağlı Şuranın yaradılması üzrə danışıqlara başlanıldığı və qısa müddətdən sonra Şuranın fəaliyyəti barədə məlumatın ictimaiyyətə təqdim ediləcəyini bildirib.
Vurğulanıb ki, iş icazələrinin verilməsi ilə bağlı xidmət tərəfindən tətbiq edilən yeniliklər, tövsiyələr və qanunvericilikdə olan dəyişikliklər barədə sahibkarları məlumatlandırmaq üçün mütəmadi e-bülletenlər hazırlanaraq elektron qaydada sahibkarlara göndəriləcək. Xidmətin saytında belə elektron bülletenlərin və məlumatların əldə edilməsi üçün e-poçtların təqdim edilməsi imkanları da təmin olunub.
Xidmət rəisi sahibkarlıq subyektlərinin, işəgötürənlərin də əcnəbi işçi qüvvəsini haqqı ödənilən əmək fəaliyyətinə cəlb etmələri ilə bağlı müəyyənləşdirilmiş prosedurlara əməl etmələrinin vacibliyini də diqqətə çatdırıb. Daxili əmək bazarının qorunması üçün Xidmətin üzərinə düşən vəzifələri diqqətə çatdırıb.
Bildirib ki, Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli qərarı ilə təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”na görə, əcnəbilərə Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi hər təqvim ili üzrə müəyyən edilmiş kvota çərçivəsində həyata keçirilir. Cari təqvim ilində Azərbaycanda əmək miqrasiya kvotası 7270 nəfər müəyyən olunub.
Qeyd edək ki, Miqrasiya Məcəlləsinə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün əsas şərtlər iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ya ixtisasa malik Azərbaycan vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğundan, məşğulluq xidməti orqanları tərəfindən işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmamasından ibarətdir. Hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri işə cəlb etdikləri əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yalnız öz iş yerlərində işlə təmin etməli və bu barədə onlarla iş icazəsinin qüvvədə olduğu müddətə əmək müqaviləsi bağlamalıdırlar. İş icazəsi alınmadan əcnəbilərlə əmək müqaviləsinin bağlanılmasına yol verilmir.
Sonra görüş faydalı işgüzar mövzuların müzakirəsi ilə davam etdirilib.

Sosial 2018-05-18 17:35:00