×
A
A
A
Sazlamalar

Azərbaycanlı aktyor beynəlxalq festivalın Qran-Prisinə layiq görülüb

Bakı, 18 may, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar Artist Şövqi Hüseynov Makedoniyanın Bitola şəhərində keçirilən XX Beynəlxalq Monodram Festivalında uğurla iştirak edərək müsabiqənin Qran-Pri mükafatına layiq görülüb.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aktyor festivalda “Kontrabas” monotamaşası ilə çıxış edib. Aktyor səfər təəssüratlarını bölüşərkən deyib: “Festivalda güclü, modern tamaşalar var idi. Onlarla rəqabət aparıb yeganə mükafatı Azərbaycan adına qazanmaq əlbəttə ki, həm gözlənilməz uğur, həm də böyük sevinc hissləri yaşatdı”.
Festivalda Makedoniya, Bosniya, ABŞ, Polşa, Rusiya, Xorvatiya , Bolqarıstan teatrları təmsil olunub.
Uğurlu iştiraka görə, teatr növbəti il keçiriləcək tədbirə də dəvət alıb. Azərbaycanlı aktyorun uğuru Makedoniyada yerli telekanallar tərəfindən işıqlandırılıb, çoxsaylı süjetlər, radio müsahibələr hazırlanıb.
Qeyd edək ki, Şövqi Hüseynov eyniadlı tamaşa ilə ötən il Rusiyanın Nijnevartovsk şəhərində keçirilən “Şimal görüşləri” V Beynəlxalq Teatr Festivalında iştirak edib və festivalın “Nadir aktyor oyunu” nominasiyasında qalib olub. “Kontrabas” tamaşası dəfələrlə İran, Türkiyə, Moldova, Rusiya və dünyanın digər ölkələrində keçirilən beynəlxalq teatr festivallarında mükafata layiq görülüb.

 

Teatr və kino 2018-05-18 15:36:00