×
A
A
A
Sazlamalar

Miqrantlar üçün Azərbaycan dili kursları keçirilir

Bakı, 18 may, AZƏRTAC

Beş ildir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının qaçqın qadın və gənclər mərkəzində miqrantlar üçün Azərbaycan dili kursu təşkil edilir. Kursa il ərzində müraciətlər qəbul olunur.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, son tədris ilində kursu bitirən 34 miqranta şəhadətnamə verilib. Bu ilki kurslarda isə 54 əcnəbi dinləyici var və onlar tədris materialları ilə təmin ediliblər.
Ölkəmizin İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatının Uşaq və Gənclər Sülh Mərkəzinin “Liderlər“ məktəbinin dəvəti ilə miqrasiya şöbəsinin təhsil üzrə əməkdaşı Sona Hacıyeva mərkəzin müdavimlərinə “Miqrasiya nədir?”,” İnsan alverinin qurbanına çevrilməyək!” və” Miqrantların cəmiyyətə inteqrasiyasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rolu” mövzularında təlim keçib. Təlimdə martın 10-da 98 yaşı tamam olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranma tarixi və onun fəaliyyət sahələri haqqında məlumat verilib.
Cəmiyyət haqqında məlumat alan iştirakçılar cəmiyyətin könüllüsü kimi fəaliyyət göstərmək istədiklərini bildiriblər.
İnteraktiv keçən tədbirdə xeyli şagird və valideyni maraqlandıran suallara cavablar verilib.

Sosial 2018-05-18 14:54:00