×
A
A
A
Sazlamalar

Bişkekdə MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 68-ci iclası keçirilib

Bakı, 18 may, AZƏRTAC

Mayın 17-18-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 68-ci iclası keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.
İclasda Şuranın 67-cı iclasında qəbul edilən qərarların yerinə yetirilməsi, həmçinin 2017-ci il və 2018-ci ilin ilk rübündə dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları haqqında; 2017-ci il və 2018-ci ilin ilk rübündə beynəlxalq sərnişin daşımada görülən işlərin nəticələri haqqında; 2018/2019-cu illər üçün qatarların hərəkət cədvəlinin normativləri haqqında; 2017-ci ildə konteynerlərin siyahıya alınmasının nəticələri, həmçinin 2018-ci il üçün yük qatarlarının siyahıya alınmasına dair hazırlıqlar haqqında; 2017-ci il və 2018-ci ilin ilk rübündə dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmalar haqqında; MDB Hökumət Başçıları Şurasının 1996-cı il oktyabrın 18-də qərara aldığı MDB dövlətlərinin dəmir yolu nəqliyyatında razılaşdırılmış tarif siyasətinin tətbiqi konsepsiyasının 2017-ci il ərzində icrası barədə məsələlər müzakirə olunub. Həmçinin MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının müdiriyyəti və dəmir yolu administrasiyalarının əlaqələndirici fəaliyyətini təmin etmək üçün, rabitə xidmətləri göstərən Mərkəzi rabitə stansiyasının (“RDY” ASC filialı) 2018-ci il üçün xərclərinin əvəz edilmə smetası haqqında; MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurası müdiriyyətinin 2017-ci il ərzindəki fəaliyyətinin təmin edilməsinə dair xərclər smetasının icrası və Şuranın Təftiş Komissiyasının həmin smeta icrasının yoxlama hesabatı haqqında; “RDY” ASC-nin filialı olan Baş hesablama mərkəzinin xərclərinin əvəz edilməsi də daxil olmaqla, dəmir yolu administrasiyalarının Məlumat-Hesablama Mərkəzlərinin fəaliyyətinin təmin edilməsinə dair 2017-ci il üçün xərclər smetasının icrası və həmin smeta icrasının yoxlama hesabatı haqqında; Şuranın fəxri fərmanı ilə təltif edilmə haqqında; Şuranın 69-cu iclasının tarixi, keçirilmə yeri və gündəliyi haqqında məsələlər müzakirə edilib.
Tədbirin sonunda yekun protokolu imzalanıb.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının üzvüdür.

Nəqliyyat 2018-05-18 13:41:00