×
A
A
A
Sazlamalar

Belarusda azərbaycanlı dirijor Əyyub Quliyevin idarə etdiyi tamaşa maraqla qarşılanıb

Bakı, 18 may, AZƏRTAC

Belarus Dövlət Akademik Opera Teatrında dahi italyan bəstəkarı Cüzeppe Verdinin “Aida” operası nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Əməkdar Artisti, Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin idarə etdiyi tamaşada Rusiya və Belarusun tanınmış opera ifaçıları da çıxış edib. Operada Sankt-Peterburqun məşhur Mariinski Teatrının solisti, tanınmış müğənni, Rusiyanın Əməkdar Artisti Əhməd Aqadi, Belarusun Xalq Artisti Anastasia Moskvina, eləcə də Oksana Yakuşeviç, Stanislav Trifonov, Vasiliy Kovalçuk, Aleksandr Keda, Yanoş Nelepa və Marina Lixoşerst iştirak ediblər.
Quruluşçu rejissoru Mixail Panjavidze olan tamaşanın nümayişi anşlaqla keçib.
Sonda Belarus Dövlət Akademik Opera Teatrının baş direktoru Vladimir Qridyuşko səhnəyə çıxaraq dirijor Əyyub Quliyevə və operanın digər iştirakçılarına yüksək professionalizm və parlaq ifaya görə təşəkkürünü bildirib. Azərbaycan və Belarus opera teatrları arasında əməkdaşlığın inkişafını qeyd edən direktor azərbaycanlı musiqiçilərin hər zaman böyük uğurla Belarus səhnəsində çıxış etdiyini vurğulayıb.
Qeyd edək ki, 4 il ərzində dirijor Əyyub Quliyevin idarəçiliyi ilə Belarus Akademik Dövlət Opera Teatrında C.Verdinin “Traviata”, P.Çaykovskinin “İolanta”, J.Bizenin “Karmen” və Xalq Artisti Polad Bülbüloğlunun “Eşq və ölüm” baletinin yeni quruluşda təqdimatı uğurla reallaşıb.

Musiqi 2018-05-18 12:19:00