×
A
A
A
Sazlamalar

Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin baş direktoru Yevgeni Uqrinoviçdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, möhtərəm cənab Prezident.
İcazə verin, Azərbaycan Respublikası Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzi qeyri-hökumət təşkilatının üzvü olan 22 dövlətin səlahiyyətli nümayəndələrinin şəxsində bu təşkilatın rəhbərliyi adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırım.
Azərbaycan bu təşkilata daxil olduğu vaxtdan MDB ölkələrində vahid elmi-informasiya məkanının formalaşmasına, iqtisadi, təhsil və elmi tədqiqat sahələrində innovativ dəyişikliklər mühitinin yaradılmasına sanballı və konstruktiv töhfələr verir.
Azərbaycanda elmə və innovasiyalı inkişafa həmişə böyük diqqət yetirilir. Xüsusən son onillikdə ölkənin milli elmi-texniki kompleksinin sanballı nailiyyətləri göz qabağındadır. Bizim Mərkəzdə belə bir qəti inam yaranıb ki, təşkilatımızın fəaliyyətində Azərbaycanın genişmiqyaslı iştirakı və bunun üzv dövlətlərin elmi birliyi üçün müsbət səmərəsi daha ciddi artım potensialına malikdir. Bununla əlaqədar ölkənizin səlahiyyətli dövlət təsisatlarının Mərkəzin işində rolunun daha da möhkəmləndirilməsində maraqlıyıq.
Möhtərəm İlham Heydər oğlu, icazə verin, əmin olduğumu bildirim ki, Azərbaycan dövlətinə rəhbərlik edəcəyiniz qarşıdakı illərdə də Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin işində Azərbaycanın iştirakının müsbət təcrübəsi və meyilləri qorunub saxlanılacaq və artırılacaq.
Dərin hörmətlə,
Yevgeni Uqrinoviç
Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin baş direktoru
Rusiya Federasiyası, Moskva şəhəri

Məktublar 2018-05-17 18:39:00