×
A
A
A
Sazlamalar

Azərbaycan Xalq Cümhuriyyəti dünya azərbaycanlılarının qürur mənbəyidir

Bakı, 17 may, AZƏRTAC

Mayın 17-də Azərbaycan Dövlət İqtisad Universitetinin və “Səs” Media Holdinqin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konfrans keçirilib. Universitetdə keçirilən konfransda tarixçi alimlər, deputatlar, media qurumlarının rəhbərləri, UNEC-in müəllim və tələbələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, konfransı açan Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti dünya azərbaycanlılarının qürur mənbəyidir. Xalq Cümhuriyyətimizin müsəlman Şərqində ilk demokratik dövlət olduğunu deyən rektor vurğulayıb ki, ilk dəfə məhz Azərbaycanda qadınlara seçib-seçilmək hüququ verilib. Dövlət müstəqilliyi ənənəsi 70 ildən sonra ümummilli lider Heydər Əliyev tərəfindən yaşadılıb və ölkəmiz beynəlxalq arenada söz sahibinə çevrilib. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev ölkəmizin dünyada tanınması və iqtisadiyyatının güclənməsi üçün yorulmaz fəaliyyət göstərir. Ədalət Muradov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin təntənə ilə qeyd edilməsi hər bir soydaşımız tərəfindən böyük rəğbətlə qarşılanır. Bu gün hər bir ziyalı, ictimai-siyasi xadim, bütövlükdə ictimaiyyətin nümayəndələri bilirlər ki, xalqımızın və milli dövlətçiliyimizin tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb bir dövrdə meydana gəlib və çox çətin şəraitdə fəaliyyət göstərib.
“Səs” Media Holdinqin rəhbəri Bəhruz Quliyev bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsidir. Müsəlman Şərqində ilk parlament respublikası xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq müasir dövrə xas dövlət təsisatlarının formalaşdırılmasına nail olub. Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını xalqımız üçün tarixi hadisə adlandırıb. Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqın milli oyanışının məntiqi yekunu kimi dəyərləndirib.
Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Musa Qasımlı çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətini milli dövlətçilik tariximizdə silinməz izlər qoyan, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayan bir respublika kimi xarakterizə edib. O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması maarifçiliyin güclənməsinə səbəb olub. Həmin dövrdə teatrımız, mətbuatımız, ən başlıcası isə milli siyasi ideologiyamız formalaşdı. Bununla yanaşı, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqinə ilk dəfə olaraq cümhuriyyət fikrini gətirdi.
Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycan Xalq Cümhuriyyəti dövründə aparılan iqtisadi islahatlardan danışıb. O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı ilk dövrlərdən başlayaraq neft mədənlərinin, sənaye müəssisələrinin və aqrar sahənin özəlləşdirilməsi ilə bağlı islahatlara başlanılıb. Özəlləşdirmə proqramının nəticəsi olaraq, Azərbaycanda Nobel qardaşları kimi xarici investorlar fəaliyyət göstəriblər. Cümhuriyyət dövründə ilk mərkəzi bankımız yaradılıb, milli valyutamız tədavülə buraxılıb. Ölkəmizdə istehsal olunan pambıq və ipək xaricə ixrac olunaraq qarşılığında milli ordumuzun gücləndirilməsi üçün silah-sursat alınıb.
Daha sonra çıxış edən Milli Məclisin deputatları Musa Quliyev, Elman Nəsirli, Azər Badamov, Rauf Əliyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Bakı Dövlət Universitetinin kafedra müdirləri Anar İsgəndərov, İradə Hüseynova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Asəf Zamanov, AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri Sakit Hüseynov, Tarix İnstitutunun əməkdaşı İlqar Niftəliyev, tarixçi alimlər Boran Əziz, Atamoğlan Hacıyev və digərləri Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, çoxşaxəli fəaliyyətindən, həyata keçirdiyi mühüm islahatlardan bəhs ediblər. Mövcud olduğu qısa müddət ərzində
Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdə 350 ilkə imza atıldığı diqqətə çatdırılıb.

CÜMHURİYYƏT - 100 2018-05-17 16:29:00