×
A
A
A
Sazlamalar

ABŞ-ın Aviasiya Administrasiyası Azərbaycanda uçuşların təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasını təsdiq edib

Bakı, 17 may, AZƏRTAC

ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) Azərbaycanda uçuşların təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasını təsdiq edib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyindən AZƏRTAC-a bildirilib ki, ABŞ-ın Federal Aviasiya Administrasiyası Azərbaycan Respublikası üçün uçuşların təhlükəsizliyinin təmin olunmasına nəzarət sahəsində “1-ci kateqoriya”nı təsdiq edib. 2014-cü ildə respublikada uçuşların təhlükəsizliyinin təmin olunması sahəsində aparılmış qiymətləndirmə nəticəsində ilk dəfə təqdim olunan bu səviyyə Azərbaycan aviaşirkətlərinin ABŞ-a birbaşa müntəzəm uçuşlara başlamalarına imkan verib. 2017-ci və 2018-ci illərdə Çikaqo Konvensiyasının beynəlxalq standartlarının tələblərinə uyğunluq qiymətləndirildikdən sonra ali “1-ci kateqoriya” Azərbaycan üçün qüvvədə saxlanılıb.
FAA tərəfindən “1-ci kateqoriya”nın təsdiqi Azərbaycan Respublikası rəhbərliyinin uçuşların təhlükəsizliyinin təmin olunmasına və mülki aviasiya sahəsinin inkişafına göstərdiyi xüsusi diqqətin nəticəsidir.

Nəqliyyat 2018-05-17 13:59:00