×
A
A
A
Sazlamalar

Dövlət Dəniz Akademiyası ilə Qazaxıstan universiteti “İkili diplom” proqramını müzakirə ediblər

Bakı, 17 may, AZƏRTAC

Ş. Yesenov adına Qazaxıstanın Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin rektoru Berik Axmetovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) olub.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinin ADDA-nın rektoru Çingiz Əliyevlə görüşündə “İkili diplom” proqramı, müəllimlərin və tələbələrin mübadiləsi, qazaxıstanlı dənizçilərin sertifikatlandırılması və sair mühüm məsələlər müzakirə edilib. Tərəflər qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.
Görüşdən sonra qonaqlar akademiyanın tədris bazası, o cümlədən müasir naviqasiya trenajorları, ixtisaslaşdırılmış laboratoriyaları və kitabxana ilə yaxından tanış olublar. B.Axmetov ADDA-nın tarix muzeyində fəxri qonaqlar kitabına ürək sözlərini yazıb, azərbaycanlı həmkarlarına uğurlar arzulayıb.
Daha sonra Qazaxıstan nümayəndələri ADDA-nın Təlim-Tədris Mərkəzinə gediblər. Mərkəzin direktoru Emil Manafov qonaqlara mərkəz haqqında ətraflı məlumat verib, trenajor və simulyator avadanlıqları ilə təchiz olunmuş təlim otaqları, xilasetmə təlimləri üçün nəzərdə tutulmuş hovuz ilə tanışlıq zamanı mərkəzdə tədris prosesini izah edib, qonaqların suallarına cavab verib.
Sonda qonaqlarla xatirə şəkilləri çəkdirilib, onlar bu tanışlıqdan çox razı qaldıqlarını bildiriblər.

Nəqliyyat 2018-05-17 10:22:00