Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Ulu Öndərin 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbir keçirilib VİDEO

Bakı, 16 may, Xəyalə Məmmədova, AZƏRTAC
Mayın 16-da Bakı Biznes Mərkəzində müasir müstəqil dövlətimizin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurası İdarə Heyətinin üzvləri tərəfindən təşkil edilib.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ulu öndər Heydər Əliyevə həsr olunan film nümayiş etdirilib.
YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü, Nəsimi rayon qadınlar şurasının sədri Zərifə Quliyeva Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyətindən bəhs edib. O bildirib ki, 1918-ci ildə müstəqilliyin əldə olunması çox böyük tarixi hadisə idi. Bu, xalqımızın gələcəkdə var olması, dövlətçilik prinsiplərinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi üçün böyük bir töhfə idi. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti çox uzun yaşaya bilmədi. Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra xalqımız bu sevinci yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yaşamağa başladı. Xalqın təkidli tələbi ilə 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil dövlətçilik tarixinin ikinci, daha məsuliyyətli dövrü başlandı. “Biz ulu öndər Heydər Əliyevi çox böyük fəxarətlə, vətənpərvərlik hissi ilə və milli hisslərlə yad edirik. Bu gün biz çox xoşbəxt xalqıq ki, Azərbaycana Ümummilli Liderin layiqli varisi İlham Əliyev rəhbərlik edir”, - deyə Zərifə Quliyeva vurğulayıb.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ulu öndər Heydər Əliyevin mənalı həyatı və tarixi xidmətləri barədə danışıb. Bildirib ki, Ümummilli Liderin 1993-cü ildə xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra onun cəsarəti sayəsində Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, xalqımızın firavanlığı və ölkənin davamlı inkişafına xidmət edən siyasi kursun həyata keçirilməsi nəticəsində ictimai-siyasi sabitlik, qanunun aliliyi təmin edilib, insan hüquq və azadlıqları sahəsində real addımlar atılıb, bununla da Azərbaycanın beynəlxalq münasibətlər sistemində iştirakının yeni mərhələsi başlanıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev çıxış edərək bildirib ki, Cümhuriyyət tarixinin öyrənilməsi istiqamətində ilk addımlar ötən əsrin 80-ci illərinin sonlarında atılmağa başlanıb. Lakin Cümhuriyyət tarixinin sistemli araşdırılmasında ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinin keçirilməsi haqqında”, “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş əsərlərin nəşr edilməsi haqqında” və “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş ümumrespublika mərasiminin keçirilməsi haqqında” sərəncamları mühüm rol oynayıb. Bu baxımdan Prezident İlham Əliyevin milli dövlətçilik tariximizə xüsusi qayğı və dərin hörmət əlaməti olaraq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında 2017-ci il mayın 16-da imzaladığı Sərəncam, bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması böyük əhəmiyyət daşıyır.
Bakı Dövlət Universitetinin Qafqaz xalqlarının tarixi kafedrasının müdiri İradə Hüseynova qeyd edib ki, müstəqilliyimizin xilaskarı kimi tarixə düşən Heydər Əliyevin siyasi irsi bugünkü uğurlarımızın əsasını təşkil edir. Bütün nəsillərə örnək olan bir ömür yaşamış ulu öndər Heydər Əliyevin ictimai-siyasi və dövlət xadimi kimi Azərbaycan xalqı qarşısında ən böyük xidməti ondan ibarət olub ki, o, sovet sisteminin mövcudluğu şəraitində Azərbaycan Respublikasının gələcək müstəqilliyinin iqtisadi əsaslarını yaradıb və xalqımızı öz müstəqilliyi uğrunda mübarizəyə hazırlayıb, dövlətçiliyimiz məhv olmaqla üz-üzə qaldığı illərdə həyatını təhlükə qarşısında qoyaraq cinayətkar qüvvələrin hərəkətlərinin qarşısını almaqla dayanıqlı sabitlik və əmin-amanlıq şəraitini formalaşdırıb.
Milli Məclisin deputatı Elmira Axundova Ümummilli Liderlə bağlı xatirələrini bölüşüb. Vurğulayıb ki, Azərbaycan xalqının hələ neçə-neçə nəsli Heydər Əliyev ideyalarından, onun böyük dövlətçilik məktəbindən ölkəmizin inkişafı və rifahı naminə faydalanacaq. Ulu öndər Heydər Əliyev öz fədakar və vətənpərvər fəaliyyəti ilə adını xalqımızın ictimai fikir və dövlətçilik tarixinə qızıl hərflərlə yazdırıb. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti və onun rəhbərliyi ilə həyata keçirilən strateji əhəmiyyətli layihələr nəticəsində bu gün Azərbaycan regionun lider dövlətinə çevrilib.
“Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri” İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev diqqətə çatdırıb ki, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur və bu, Şərq dünyasında ilk azad, demokratik və dünyəvi dəyərlərə söykənən müstəqil respublika demək idi. O bildirib ki, 1991-ci ildə Azərbaycan xalqı ikinci dəfə müstəqilliyinin bərpasına nail oldu. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq təntənəli şəkildə qeyd edildiyini bildirib. Vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da ölkəmizdə bütün mötəbər beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkilində, dinamik islahatların həyata keçirilməsində yaxından iştirak edir. Fəxriyyə Xələfova deyib ki, ölkəmizin bugünkü inkişafı, əldə etdiyimiz uğurlar ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Tədbir bədii hissə ilə davam edib.

Siyasət 2018-05-16 20:48:00

Video