Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Venesiyanın Ca’ Foscari Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə konfrans keçirilib

Roma, 16 may, AZƏRTAC 

Venesiyanın Ca’ Foscari Universitetində universitetin Asiya və Şimali Afrika araşdırmaları kafedrası, Ca’ Foscari Challenge School və Universitetin Şərqi Avropa ölkələrinin iqtisadiyyatı və dilləri fakültəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə “Azərbaycanı kəşf et: xarici siyasət, iqtisadiyyat və İtaliya ilə əlaqələr” adlı akademik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Ca’ Foscari Universitetinin prorektoru Tisiyana Lippiello Azərbaycan və İtaliya arasında bütün sahələrdə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu, son illərdə İtaliyada, xüsusilə Ca’ Foscari Universitetində təhsil alan azərbaycanlı tələbələrinin sayının əhəmiyyətli dərəcədə artdığını deyib. O, universitetin Azərbaycan ilə əməkdaşlığından və belə bir konfransın keçirilməsindən məmnunluğunu ifadə edib. T.Lippiello Azərbaycan haqqında həqiqətlərin, ölkənin inkişafı, İtaliya ilə əlaqələri və beynəlxalq münasibətlərdəki rolunun öyrənilməsi baxımından konfransın əhəmiyyətini qeyd edib.
Daha sonra İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari konfransa internet bağlantısı vasitəsilə qoşularaq İtaliya-Azərbaycan münasibətlərinin tarixi, hazırkı səviyyəsi, iki ölkənin iştirakı ilə həyata keçirilən irimiqyaslı layihələr, eyni zamanda, ikitərəfli münasibətlərin inkişaf perspektivlərindən danışıb.
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə öz çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və dövlət müstəqilliyimizin bərpasından sonra ölkəmizin keçdiyi inkişaf yolundan danışıb. Azərbaycan-İtaliya əlaqələrini tarixi, siyasi, iqtisadi, humanitar və xalqlararası təmaslar nöqteyi-nəzərdən təhlil edən diplomat iki ölkə arasında enerji və digər sahələrdə əməkdaşlığın qarşılıqlı faydasından, İtaliyanın ATƏT-in sədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə verə biləcəyi töhfələrdən və Azərbaycan-İtaliya əlaqələrinin inkişaf perspektivlərindən bəhs edib.
Daha sonra, Ca’ Foscari Universitetinin tədqiqatçısı Karlo Frappi müasir Azərbaycanın xarici siyasət istiqamətləri, ölkəmizin regional sabitlik, inkişaf və əməkdaşlığa verdiyi töhfələrdən, multikulturalizm ənənələri və mədəniyyətlərarası dialoqdakı rolundan danışıb.
Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva Azərbaycanın müstəqillik illərində keçdiyi inkişaf yoluna nəzər salıb, ölkəmizin beynəlxalq arenada artan nüfuzu, beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfə, eləcə də ölkəmizin ev sahibliyi etdiyi iri miqyaslı beynəlxalq tədbirlər haqqında geniş məlumat verib.
Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinə toxunan G.Paşayeva münaqişənin tarixi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri, münaqişənin nizamlanmasına dair beynəlxalq hüquqi-normativ baza barədə danışıb.
Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı Orxan Bağırov çıxış edərək Azərbaycanın iqtisadi inkişafı strategiyası, ölkəmizin makroiqtisadi göstəriciləri, həyata keçirdiyi önəmli enerji və nəqliyyat layihələri, iqtisadiyyatın şaxələndirilməsi üçün atılan addımlar və əldə olunmuş nailiyyətlər barədə geniş məlumat verib.
Sonda Azərbaycan üzrə Araşdırmalar Mərkəzinin tədqiqatçısı Claudia Pallatsi çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, qısa zaman ərzində qəbul olunmuş qərarlar və əldə olunmuş nailiyyətlər barədə danışıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

CÜMHURİYYƏT - 100 2018-05-16 19:41:00