×
A
A
A
Sazlamalar

Şəmkirli kümçülər 12 ton barama əldə etmək əzmindədirlər

Şəmkir, 16 may, Famil Quliyev, AZƏRTAC

Ölkədə baramaçılığın inkişafı şəmkirli kümçülərin bu sahəyə marağını artırıb. Ötən il əldə edilən yüksək məhsuldarlığın verdiyi bəhrə kümçüləri daha çox məhsul istehsal etməyə sövq edib. Onlar cari ildə 12 ton barama istehsal etməyi planlaşdırıblar.
Şəmkirin Aşağı Seyfəli kəndində əksər təsərrüfatlarda ipəkqurdları bəslənilir. Kənd sakini, kümçü Sarı Qarayev AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində deyib: “Ötən ilə baxanda bu il şəraitimiz çox yaxşıdır. Yem bazamız var. Qurdun keyfiyyətindən razıyıq. Bütün bunlara əsasən biz yüksəkkeyfiyyətli barama istehsal edə biləcəyik”.
Kənddə ipəkqurdlarının yem bazasının təşkili üçün 1000 ədəd tut ağacı əkilib. İllər əvvəl əkilən tut ağaclarından da yemləmədə istifadə edilir.
Rayon icra hakimiyyəti başçısının Aşağı Seyfəli kənd inzibati dairəsi üzrə nümayəndəsi Oruc Qarayev bildirib ki, ötən il 3 qutu ipəkqurdu götürüb, 150 kiloqram məhsul təhvil veriblər. Bu il isə 10 qutu ipəkqurdu bəsləyirlər.
Qeyd edək ki, ipəkqurdunun yem bazasının bərpası məqsədilə ötən ilin payızında rayon ərazisində 96 min ədəd tut tingi əkilib. Ötən il Şəmkir rayonu üzrə 5 tona yaxın barama istehsal olunub. Bu il isə məhsuldarlığın 12 tona çatacağı ehtimal edilir.

Kənd təsərrüfatı 2018-05-16 11:01:00