×
A
A
A
Sazlamalar

“ƏSA” Teatrının layihəsi amerikalı investorlara təqdim olunub

Bakı, 15 may, AZƏRTAC

Əlilliyi olan və olmayan aktyorlardan ibarət ilk inklüziv “ƏSA” Teatrı ölkəmizi ABŞ-da uğurla təmsil edib.
Bu barədə AZƏRTAC-a teatrın baş meneceri Nicat Qulam məlumat verib. O bildirib ki, teatr ABŞ-ın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə “Açıq Dünya Proqramı” çərçivəsində mayın 2-dən 12-dək “Əlilliyin müdafiəsi, islahatlar və mədəniyyət” mövzusunda təşkil olunan beynəlxalq layihədə iştirak edib. Layihə müddətində teatrın rəhbəri Nihad Qulamzadə Vaşinqtonda və digər şəhərlərdə dünyanın müxtəlif ölkələrindən gələn mütəxəssislərlə öz təcrübələrini bölüşüb.
Həmçinin “ƏSA” Teatrının “İnklüziv Yaradıcılıq Mərkəzi” adlı yeni layihəsi “One million cups” biznes təşkilatının keçirdiyi tədbir çərçivəsində amerikalı investorlara təqdim edilib. Teatrın ölkəmizdəki fəaliyyəti və layihə yerli investorlar tərəfindən olduqca maraqla qarşılanıb və bir çoxu teatrla əməkdaşlıq əzmində olduğunu bildirib.
Qeyd edək ki, ABŞ-da təqdim olunan “İnklüziv Yaradıcılıq Mərkəzi” əlilliyi olan şəxslərin peşə qabiliyyətinin artırılması və müstəqil şəkildə qazanc əldə etmələri ilə bağlı olan biznes layihədir.

Teatr və kino 2018-05-15 14:07:00