×
A
A
A
Sazlamalar

Timur Əsgərov Sankt-Peterburqda qala-konsertdə çıxış edəcək

Bakı, 13 may, AZƏRTAC

Mayın 25-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Marius Petipanın anadan olmasının 200 illiyinə həsr edilən qala-konsert olacaq. Tədbirdə Marius Petipanın quruluş verdiyi baletlərdən fraqmentlər oynanılacaq.
AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, qala-konsertdə balet artisti Timur Əsgərovun çıxışı da nəzərdə tutulur. O, Pyotr Çaykovskinin “Yatmış gözəl” baletindən Dezirenin partiyasını ifa edəcək.
Bu tamaşanın Mariya Teatrında premyerası 1890-cı ildə Marius Petipanın xoreoqrafiyasında olub.
Timur Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. 2011-ci ildən Mariya Teatrında fəaliyyət göstərir. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrol səfərlərində olub.

Teatr və kino 2018-05-13 05:38:00