×
A
A
A
Sazlamalar

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” pyesi...

Bakı, 11 may, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında böyük dramaturq və şair Hüseyn Cavidin “Ana” pyesi əsasında hazırlanacaq eyniadlı tamaşaya daxili baxış təqdim olunub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, teatrın istedadlı aktrisası, Əməkdar Artist Nübar Novruzovanın 60 illik yubileyi ilə əlaqədar aktrisanın benefis-tamaşası olan səhnə əsərində rolları Əməkdar Artist Nübar Novruzova, aktyorlar İradə Rəşidova, Vahid Orucoğlu, Manaf Dadaşov, Ramiq Nəsirov, Elnur Kərimov, Elnur Şıxəliyev, Ramil Məmmədov, Simuzər Ağakişiyeva, Aydın Dəmirov ifa edib. Yeni səhnə əsərinin quruluşçu rejissoru, Azərbaycan və Kalmıkiyanın Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı bəstəkar Rüfət Ramazanov, rejissor assistenti isə Sevda Hacışəmiyevadır.
Qeyd edək ki, böyük dramaturq H.Cavidin “Ana” əsəri azərbaycanca yazılmış ilk mənzum dram əsəri sayılır. Şair-dramaturq həmin səhnə əsərini 1910-cu ildə tamamlayıb. Dramın qəhrəmanı Səlma ana obrazının timsalında mərdlik, mənəvi nəciblik, insani sədaqət duyğuları tərənnüm olunub. Tamaşanın premyerası iyunun 2-də reallaşacaq.

Teatr və kino 2018-05-11 19:24:00