×
A
A
A
Sazlamalar

Viktor Opaski: Azərbaycanın tolerantlıq və multikulturalizmlə bağlı təcrübəsi öyrənilməlidir

Bakı, 11 may, AZƏRTAC
Mayın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə səfərdə olan Rumıniyanın dini məsələlər üzrə dövlət katibi Viktor Opaskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə rumın və Azərbaycan xalqları arasında tarixi əlaqələrin mövcud olduğunu bildirən Dövlət Komitəsinin sədri ümummilli lider Heydər Əliyevin 1995-ci ildə Rumıniyaya və 1996-cı ilin mart ayında Rumıniya Prezidentinin Azərbaycana səfərlərinin iki ölkə arasında əlaqələrin qurulması və inkişafında böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. O, Rumıniyanın dini məsələlər üzrə dövlət katibi Viktor Opaskinin bu səfərinin Azərbaycan və Rumıniya arasında dini sahədəki münasibətlərə müsbət təsir göstərəcəyinə ümidvar olduğunu deyib.
Rəhbərlik etdiyi qurumun fəaliyyəti, Azərbaycandakı dini durum və dövlət-din münasibətləri, dinə dövlət qayğısı barədə məlumat verən Mübariz Qurbanlı bildirib ki, ölkəmizdə məscidlərlə yanaşı, kilsə və sinaqoqlar da fəaliyyət göstərir. Azərbaycanda 31-i qeyri-islam olmaqla 809 dini icma dövlət qeydiyyatına alınıb. Ölkəmizdə müxtəlif konfessiyalar sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər, İslam və qeyri-islam dini icmalarına dövlət tərəfindən maddi yardım ayrılır. Azərbaycanın tolerantlığa və multikultural, milli mənəvi dəyərlərin qorunmasına və inkişafına görə dünyada nümunə ola biləcək ölkələrdən biri olduğunu deyən Mübariz Qurbanlı bunun təzahürü olaraq Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, ötən ilin isə “İslam Həmrəyliyi İli” elan olunduğunu diqqətə çatdırıb. Azərbaycanda sivilizasiyalararası dialoq mərkəzinin fəaliyyət göstərdiyini və bununla əlaqədar ölkəmizin bir çox beynəlxalq forumlara ev sahibliyi etdiyini deyən sədr bu mərkəzin xətti ilə cari ildə dinlərarası dialoqa dair konfranslar keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan Mübariz Qurbanlı Rumıniyanın bütün beynəlxalq təşkilatlarda və ikitərəfli müqavilələrdə Azərbaycanın haqlı mövqeyini müdafiə etməsindən məmnunluğunu ifadə edib.
Dini məsələlər üzrə dövlət katibi Viktor Opaski ölkəmizə növbəti dəfə səfər etməsindən məmnun olduğunu bildirib. Rumıniyalı qonaq Azərbaycana hər səfərində inkişafın, eləcə də Bakının daha da gözəlləşməsinin şahidi olduğunu deyib. Görüşün iki ölkə arasında müvafiq sahədə fikir mübadiləsi aparılması üçün əhəmiyyətli olduğunu və Azərbaycanın bu sahədə mövcud təcrübəsinin öyrənilməsinin vacibliyini diqqətə çatdıran V.Opaski Azərbaycanda mədəni müxtəliflik, tolerantlıq və multikulturalizm kimi məsələlər üzrə fəal iş aparıldığını qeyd edib.
Görüşdə Rumıniyanın Müsəlman İcmasının Ali Müftisi Yusuf Murad çıxış edərək ölkəsində müsəlman icmasının fəaliyyəti, gördüyü işlər barədə ətraflı məlumat verib. O, ötən il “İslam Həmrəyliyi İli” çərçivəsində Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təşkil olunan bir sıra beynəlxalq konfranslarda iştirak etdiyini diqqətə çatdırıb.
Sonda qonaqlara Dövlət Komitəsinin ingilis dilində nəşr etdirdiyi, ölkəmizin tolerant və multikultural mühitindən bəhs edən kitablar hədiyyə edilib.
Görüşdə Dövlət Komitəsinin sədr müavinləri Səyavuş Heydərov, Gündüz İsmayılov, Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku da iştirak ediblər.
Qeyd edək ki, Viktor Opaskinin başçılıq etdiyi nümayəndə heyəti Mübariz Qurbanlının dəvəti ilə ölkəmizdə səfərdədir.

Din 2018-05-11 16:16:00