×
A
A
A
Sazlamalar

Türkiyənin Aydın şəhərində Bakı parkının və Xocalı soyqırımı abidəsinin açılışı olub

Aydın, 8 may, AZƏRTAC 

Türkiyənin Aydın şəhərinin Efeler rayonunda Bakı parkının və bu parkda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində rəsmi şəxslər, yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himləri səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Efeler rayon bələdiyyəsinin sədri Mesut Özakcanın, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın, Türk Ocaqları Aydın vilayət şöbəsinin sədri Eyüp Doyuranın çıxışları dinlənilib. Çıxışlarda Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən, 26 il əvvəl erməni silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsindən, Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərindən bəhs olunub.
Xocalı soyqırımı qurbanlarının xatirəsinə Aydın şəhərində abidənin ucalması ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamının bariz nümunəsi kimi dəyərləndirilib.

 

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Aydın

Qan yaddaşı 2018-05-08 20:43:00