×
A
A
A
Sazlamalar

“Polad Texno” MMC “Sumqayıt Superfosfat”ın səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib

Bakı, 7 may, AZƏRTAC 

“Polad Texno” MMC “Sumqayıt Superfosfat” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib.
“Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq, 2018-ci il fevralın 28-də Əmlak Məsələləri Dövlət Komitəsi “Sumqayıt Superfosfat” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edib, aidiyyəti dövlət qurumlarının təmsil olunduğu müsabiqə komissiyası tərəfindən potensial iddiaçılar qarşısında maliyyə, iqtisadi, investisiya, sosial və ekoloji şərtlər qoyulub.
Komitədən AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak etmək üçün iki iddiaçı tərəfindən ərizə və investisiya təklifləri təqdim edilib, müsabiqə komissiyasının qərarına əsasən, hər iki iddiaçı iştirakçı statusu əldə edib. Müsabiqə iştirakçılarının təqdim etdikləri təkliflərə aprelin 4-də baxıldıqdan sonra açıq səsvermə yolu ilə “Polad Texno” MMC “Sumqayıt Superfosfat” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib.
Müsabiqə qalibi ilə cari il aprelin 24-də imzalanmış alqı-satqı müqaviləsinə əsasən, qalib şirkət dövlət büdcəsinə 8,0 milyon manat məbləğində vəsaitin köçürülməsini, ümumi həcmi 64,0 milyon manat təşkil edən İnvestisiya Proqramının icrasını, müəssisənin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fonduna olan 2,2 milyon manata yaxın məbləğdə borclarının, habelə 260,5 min manat məbləğində əməkhaqqı və ona bərabər tutulan borclarının ödənilməsini, eləcə də digər sosial-iqtisadi və ekoloji öhdəliklərin yerinə yetirilməsini üzərinə götürüb.
Müəssisənin ərazisinin uzun müddət sulfat turşusu və superfosfat istehsalına bağlı olaraq ciddi antropogen çirklənməyə məruz qaldığını nəzərə alaraq, müəssisənin ekoloji problemlərinin həlli, çirklənmiş ərazilərin tam reabilitasiya olunması, ərazidə olan istehsalat tullantıları və xammal qalıqlarının yerli və beynəlxalq ekoloji norma və standartlara uyğun zərərsizləşdirilməsi məsələləri də, öhdəlik olaraq investorun üzərinə düşüb.
Qeyd edilib ki, investorun təqdim etdiyi İnvestisiya Proqramına əsasən, müəssisədə ənənəvi fəaliyyət növləri (sulfat turşusu və superfosfat istehsalı) ilə yanaşı, ölkədə bu günədək istehsal edilməyən və salfet məhsullarının istehsalı üçün tələb olunan irihəcmli rulon şəklində kağız yarımfabrikatların istehsalı prosesinin yaradılması nəzərdə tutulur. Müəssisədə, həmçinin müxtəlif ölçü və rəngdə son məhsulların, o cümlədən naxış və yazı ilə bəzədilmiş, ətirli quru və nəm salfetlərin, eləcə də digər kağız (salfet) məmulatlarının istehsal olunması planlaşdırılır. İstehsal olunacaq yarımfabrikatlar yerli istehsalçıların idxaldan asılılığını aradan qaldırmaqla bərabər, həm də bəzi xarici ölkələrə (Rusiya, Türkiyə, İran, Gürcüstan, Mərkəzi Asiya dövlətləri) ixrac olunacaq, hazır məhsullar isə əsasən daxili bazarda satılacaq.
Müsabiqə qalibinin təqdim etdiyi məlumata əsasən, artıq İtaliyanın bu sahədə ixtisaslaşmış şirkətləri ilə danışıqlar aparılıb və 18 ay ərzində yeni zavodun qurulması barədə ilkin razılaşma əldə edilib.
Qeyd olunan işlərlə yanaşı, investor tərəfindən müəssisənin infrastruktur təminatının yaxşılaşdırılması (elektrik enerjisi, su, kanalizasiya və qaz), ərazinin abadlaşdırılması, həyata keçiriləcək investisiya qoyuluşları nəticəsində 300-ü daimi olmaqla, müəssisədə 350 yeni iş yerinin yaradılması da nəzərdə tutulur.

Sənaye 2018-05-07 18:52:00