×
A
A
A
Sazlamalar

Fidan Hacıyeva bəstəkar Ədilə Hüseynzadənin romanslarının təqdimi ilə bağlı silsilə konsertlərə başladı

Bakı, 7 may, AZƏRTAC

Azərbaycanın Xalq Artisti Fidan Hacıyeva mayın 6-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Əməkdar İncəsənət Xadimi, bəstəkar Ədilə Hüseynzadənin romanslarından ibarət “Duyğular” adlı konsert proqramı ilə çıxış edib.

Monoqrafik konsert və ya musiqi həyatımızda əlamətdar hadisə

AZƏRTAC xəbər verir ki, konsertdə Xalq Artisti Fidan Hacıyeva bəstəkar Ədilə Hüseynzadənin müxtəlif illərdə yazmış olduğu romanslarını səsləndirib. Bu, ifaçının “Azərbaycan Xalq Cümhuriyyəti-100” adı altında təqdim etdiyi ilk konsertdir. Onu fortepianoda beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə müşayiət edib.
Konsertin aparıcıları isə bəstəkarın tələbələri – Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə və Əməkdar İncəsənət Xadimi, bəstəkar, professor Elnarə Dadaşova olublar.
Professor Zümrüd Dadaşzadə etiraf edib ki, “Bakıda bu cür konsert, yəni bir vokalçının ifasında bir bəstəkarın əsərlərinin, vokal nümunələrinin səsləndirilməsini çoxdandır eşitməmişik. Bu, bir növ monoqrafik konsertdir. Mənə elə gəlir bu konsert bizim musiqi həyatımızda əlamətdar hadisədir”.
Xalq Artisti Fidan Hacıyevanın ideyası və təşəbbüsü ilə ərsəyə gələn konsert proqramı şəhərimizin sakinlərinə və qonaqlarına unudulmaz anlar yaşadıb.

Gözəl may axşamında romans çələngi

Konsert çərçivəsində tamaşaçılara bəstəkarın yaradıcılığı, səsləndiriləcək romanslar haqqında məlumatlar da verilib. Fidan Hacıyeva tərəfindən hazırlanmış konsert proqramında hər bir məsələ incəliyinə qədər ölçülüb-biçilmişdi; yəni, bu gün seyrək hallarda səsləndirilən romans janrında musiqi və poeziyanın vəhdəti barədə tamaşaçılara məlumat verilməsi yerinə düşüb.
Professor Zümrüd Dadaşzadə çıxışında A.Çexovun “İnsanda hər şey gözəl olmalıdır: həm üz, həm geyim, həm ürək, həm fikirlər” kəlamını Ədilə Hüseynzadəyə şamil edərək, onun musiqiyə, sənətə hədsiz vurğunluğunu qeyd edib. Azərbaycan musiqisini ölkəmizdə və xaricdə uğurla təmsil edən Fidan Hacıyevanın da sənət sevgisini bu məqamda qeyd etməyimiz yerinə düşər. Yəni, sənət sevgisi Fidan xanımı daim axtarışlara, müasir musiqi mədəniyyətimizə fayda vermək naminə fəaliyyət göstərməyə, onilllər öncə yazılmış əsərlərə novatorcasına yanaşmağa yönəldir. “Duyğular” konsertinin təşkili isə daim yaradıcılıq axtarışında olan Fidan xanım üçün bəlkə də taleyin qismətidir: axı, həm Ədilə Hüseynzadə, həm də Fidan Hacıyevada səs tembri metso-sopranodur. Vaxtilə dahi Üzeyir Hacıbəyli Ədilə Hüseynzadənin səsini dinlədikdən sonra onu dərhal vokal sinfinə götürmüşdü. Bu gün isə onun mahnılarını Xalq Artisti Fidan Hacıyeva təqdim edir.
Konsertdə “Mənim arzum”, “Kövrək budaq”, “Yaşamaq”, “Yenə, yenə ürək haqqında” (sözləri: Rəsul Rza), “Günəşdən gənclik istədim” (sözləri: Nigar Rəfibəyli), “Bülbül” (sözləri: A.Puşkin, tərcüməsi: Məmməd Rahim), “Yadigar” (sözləri: İsmayıl Soltan) və digər romanslar səsləndirilib. Bütün bu əsərlər gözəl may axşamında musiqisevərlərə bir ərməğan olub.

Müəllim estafeti tələbəsinə ötürür

Tamaşaçıların sırasında Fidan Hacıyevanın bu gün də özünə müəllim hesab etdiyi tanınmış vokalçı, Əməkdar Artist Hüseyn Əliyev də əyləşmişdi. Qeyd edək ki, Fidan Hacıyeva Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının solo oxuma (vokal) fakültəsində Hüseyn Əliyevin sinfində təhsil alıb. Aparıcıların söylədikləri kimi, Ədilə Hüseynzadənin “Duyğular” silsiləsindən ifalar etmiş Hüseyn Əliyev estafeti tələbəsinə ötürür. Bu məsuliyyəti dərk edən tələbə isə öz ifası ilə müəlliminin zəhmətinin hədər getmədiyini bir daha sübut etdi: tamaşaçıların alqışları da bundan xəbər verirdi.
“Duyğular” silsiləsini yaradan Ədilə Hüseynzadə Rəsul Rzanın və Nigar Rəfibəylinin sözlərinə yeni nəfəs verərək, musiqili söz yaratdısa, Fidan xanım da öz ifası ilə bu əsərləri geniş tamaşaçı auditoriyasına uğurla çatdırdı.

Fidan xanım söylədi ki, mənə imkan verin, bu romansın oxunması üçün özümdə güc toplayım

Konsertdə səsləndirilən romanslardan biri də Rəsul Rzanın sözlərinə yazılmış “Gözlərin matəmi Xirosima” əsəri olub. Şeir konkret hadisəyə həsr olunsa da, onu bugünkü münaqişələrin, müharibələrin baş verdiyi dünyada körpə ikən həyata göz yuman, yaxud da şikəst qalan balalara aid etmək olar. Azərbaycan xalqı isə Xocalı faciəsini yaşayıb. Yaxud Suriyada günahsız uşaqlar müharibənin qurbanı olur. “Bu şeir - nüvə silahından gözləri kor olmuş, lakin görməməsini anasının otaqda işığı söndürməsi kimi başa düşən, ondan gözünün yanğısını söndürmək üçün su istəyən uşağın söylədikləri Ədilə Hüseynzadəyə də bir ana kimi təsir etmişdi. Bu sözlər o qədər ürək ağrıdır ki, Fidan xanım layihəyə başladığı günlərdə dedi ki, “mənə imkan verin, bu romansın oxunması üçün özümdə güc toplayım”, - deyə bəstəkar Elnarə Dadaşova diqqətə çatdırıb.

Violonçel və fortepiano üçün sonatina

Konsertdə beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə və Əməkdar Artist Aleksey Miltıx Ədilə Hüseynzadənin “Sonatina”sını səsləndiriblər. Bəstəkarın tələbə olarkən 1948-ci ildə yazdığı bu əsər mükəmməlliyi ilə peşəkarları da heyrətləndirir. Hətta bəstəkarın 90 illik yubileyində professor Musa Mirzəyev onu əsl sonata kimi dəyərləndirib. Əsərin vaxtilə SSRİ məkanında yayılması, bu gün isə xaricdə ifa olunması da müəllifin hələ tələbə olarkən janra necə peşəkarlıqla yanaşmasından xəbər verir.
Qeyd edək ki, tədbirdə professor Zümrüd Dadaşzadənin Ədilə Hüseynzadə haqqında monoqrafiyada yazdığı da vurğulanıb. Deyə bilərik ki, bəstəkar, həm də gözəl müəllim Ədilə Hüseynzadənin zəhməti hədər getməyib, onun tələbələri - professorlar Zümrüd Dadaşzadə, Elnarə Dadaşova öz sahələrində əllərindən gələni edirlər. “Ədilə Hüseynzadənin yaradıcılığı Azərbaycan musiqi tarixinin çox önəmli səhifələrindən biridir. Müəllimimizin tam peşəkar olan səviyyəsini fəth edə bilməsək də, çalışırıq”, - deyə onlar fikirlərini tamaşaçılarla bölüşüblər.

Fransalı qonaqlar və söz yenə də romansındır

Xalq Artisti Fidan Hacıyeva konsertdə “Vəslin həvəsi” (sözləri: Nizami Gəncəvi, tərcüməsi Əliağa Vahid), “Gül” (sözləri: A.Puşkin, tərcüməsi: M.Rzaquluzadə),“Məhəbbətlə doğulmuşam” (sözləri: Nigar Rəfibəyli), “Bahar” (Bəxtiyar Vahabzadə), “Əziz ana” (sözləri Ramiz Məmmədov) romanslarını da səsləndirib.
Tamaşaçılar sırasında Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel, Kalmar şəhərinin meri Gilbert Meyer də olub. Parisdə fəaliyyət göstərən “Azərbaycan evi”nin rəhbəri Mirvari Fətəliyeva səhnəyə çıxaraq bildirib ki, Fransada Azərbaycanın Dostları Assosiasiyası 31 nəfərlik nümayəndə heyəti ilə konserti izləyirlər. Xatırladıb ki, keçən il iyulun 14-də Fransanın Milli Bayramı münasibətilə “Azərbaycan evi” Parisdə Fidan xanımın konsertini təşkil edib və ifaçının çıxışı böyük maraqla qarşılanıb. Nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində dinlədiyi bu konsertdən də məmnundur.
Xalq Artisti Fidan Hacıyevanın sonda ifa etdiyi “O gözü ceyran” (İsmayıl Soltan) mahnısı isə xüsusi alqışlarla qarşılanıb. Xalq mahnılarımızdan qaynaqlanan, oynaq ritmli bu mahnını ifaçılar böyük maraqla dinlədilər.

Növbəti konsert Londonda olacaq

Sonda hər kəsə təşəkkürünü bildirən Fidan Hacıyeva deyib: “Ədilə Hüseynzadənin ailəsi dəstək göstərməsəydi, bu konsert də təşkil edilməzdi. Mən bəstəkarın qızı Cəmilə xanıma, nəvəsi Səbinə xanıma təşəkkürümü bildirirəm. Əməkdar İncəsənət Xadimi, bəstəkar Ədilə Hüseynzadənin əsərlərini oxumaqdan qürur duyuram və bu əsərləri dünyanın müxtəlif ölkələrində təbliğ etmək missiyamı davam etdirəcəyəm”.
Qeyd edək ki, əvvəlcə konservatoriyanın vokal şöbəsində əfsanəvi Bülbülün sinfində təhsil alan Ədilə Hüseynzadə daha sonra böyük ustad Üzeyir Hacıbəylinin sinfinə qəbul olunub. O, bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadındır. Uzun illər qələmini musiqinin müxtəlif janrlarında sınayan bəstəkar simfonik poema, simli kvartet, xor əsərlərin, violonçel və fortepiano üçün sonatinanın müəllifidir. Onun yaradıcılığında romans janrı üstünlük təşkil edir. Milli musiqimizdə romans janrının təşəkkülündə onun özünəməxsus yeri var. Ədilə xanımın Nizaminin sözlərinə yazılmış "Vəslin həvəsi" romansı, habelə Füzuli, Natəvan, Səməd Vurğun, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Nigar Rəfibəylinin şeirlərinə bəstələnmiş romansları və "Duyğular" vokal silsiləsi musiqimizin inciləridir. Professional vokalçı olan Ədilə xanımın Rəsul Rzanın sözlərinə yazdığı “Yaşamaq”, “Kövrək budaq”, “Mənim arzum”, “Yenə, yenə ürək haqqında”, Nigar Rəfibəylinin sözlərinə yazdığı “Günəşdən gənclik istədim”, “Məhəbbətlə doğulmuşam anadan”, “Lirik nəğmə” və digər gözəl əsərləri var. O, həmçinin 1945-ci ildə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında çəkilmiş bədii filmdə Asyanın vokal partiyasını səsləndirib.
Konsertdən sonra isə Fidan xanımın sənətini sevənlər onu dövrəyə alaraq həm təəssüratlarını bölüşür, həm də xatirə şəkilləri çəkdirirdilər.
Xalq Artistinin “Azərbaycan Xalq Cümhuriyyəti-100” layihəsi çərçivəsində növbəti konsertləri mayın 16-da Londonda, mayın 23-də isə İsveçrədə keçiriləcək.

Musiqi 2018-05-07 14:06:00