×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikası adından
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

23 aprel 2018-ci il            Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova (məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Fəraid Əliyevin, maraqlı subyektlərin nümayəndələri Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin məsləhətçisi Kəmalə Paşayevanın, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının professoru, hüquq üzrə elmlər doktoru Şəhla Səmədovanın, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının sədri Şahin Yusifov, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini, Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin rəisi Mürvət Həsənov və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Təşkilat-İnspeksiya İdarəsinin şöbə rəisi Nahid Məmmədzadənin iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin həmin Məcəllənin 16 və 177.2.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələri, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 və 7-ci maddələri baxımından şərh olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.
İş üzrə hakim S.Həsənovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin həmin Məcəllənin 16 və 177.2.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60 və 71-ci maddələri, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 və 7-ci maddələri baxımından şərh olunmasını xahiş etmişdir.
Müraciətdə göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinə A.Həmzəyevin Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə məhkum olunmasına dair hökmdən verilmiş apellyasiya protestinə əsasən cinayət işi daxil olmuşdur. Həmin cinayət işi üzrə məhkəmə hökmü ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs təkrarən oğurluq cinayətləri törətmişdir.
Belə ki, o, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 10 sentyabr 2015-ci il tarixində yaşayış binasının liftinin maşın bölməsindən bir ədəd əyləc dolağını gizli olaraq talamaqla əmlak mülkiyyətçisinə 106 manat ziyan vurmuşdur.
Daha sonra A.Həmzəyev özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2015-ci il 11 sentyabr tarixindən 24 dekabr tarixinədək müxtəlif binalarda yerləşən liftlərin maşın bölməsindən naqilləri ayırıb, hər birinin dəyəri 106 manat olan əyləc dolaqlarını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə hər bir epizod üzrə 106 manat ziyan vuraraq 62 epizod üzrə təkrarən oğurluq cinayətləri törətmişdir.
A.Həmzəyev göstərilən hərəkətlərə görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 il 6 ay sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilmişdir.
Dövlət ittihamçısı apellyasiya protesti verərək Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəanın hökmdən xaric edilməsini və A.Həmzəyevə Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş sanksiyaya uyğun azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını xahiş etmişdir.
Bakı Apellyasiya Məhkəməsinin qənaətinə görə, əməlin təkrar oğurluq kimi tövsif edilməsi üçün əvvəl (ilkin) törədilmiş əməl üzrə vurulmuş ziyanın məbləğinin beş yüz manatdan, təkrar törədilməsi halında isə yüz manatdan artıq olmasının tələb edilib-edilməməsi məsələsinə qanunvericilikdə aydınlıq gətirilməməsi hüquqi müəyyənlik prinsipini pozaraq məhkəmə təcrübəsində çətinliklər yaradır. Belə ki, Cinayət Məcəlləsinin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1–177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Göründüyü kimi, sadə şəkildə oğurluq cinayəti üzrə məsuliyyətin yaranması üçün mülkiyyətçiyə və ya əmlakın digər sahibinə vurulmuş ziyanın məbləği beş yüz manatdan, təkrar törədilməsi halında isə yüz manatdan artıq olmalıdır.
Müraciətedənin qənaətinə görə, eyni əməllər təkrar törədildikdə vurulmuş ziyanın məbləğindən asılı olaraq onlara hüquqi qiymət verilməsi ilə bağlı vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün göstərilən maddələrin şərh edilməsi zərurəti yaranmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd edilməsini vacib hesab edir.
Konstitusiyanın 13-cü maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Mülkiyyət iqtisadi və hüquqi kateqoriya olub, özündə mülkiyyətçinin əldə etdiyi və ona məxsus maddi sərvətlərə malik olmaq, onlardan istifadə etmək və onlara dair sərəncam vermək kimi faktiki ictimai münasibətlərin məcmusunu təşkil edir. Hüquq normaları ilə tənzimlənərkən bu münasibətlər hüquqi forma alır və hüquqi qaydada mülkiyyətçinin, ona məxsus daşınar və daşınmaz əmlaka malik olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək kimi hüquqları ilə ifadə olunur.
Mülkiyyət, həmçinin cinayət qanunvericiliyi ilə qorunan obyektlər sırasına daxil edilmiş və onun qorunması Cinayət Məcəlləsinin əsas vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, bu Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.
Onu da qeyd etmək lazımdır ki, Cinayət Məcəlləsinin mülkiyyət əleyhinə olan cinayətlərdən bəhs edən normaları qanunverici tərəfindən daim təkmilləşdirilir.
Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli 2668 nömrəli Sərəncamı ilə cinayət-hüquq siyasətinin liberallaşdırılması, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması, cinayətlərin dekriminallaşdırılması və bunun nəticəsində daha geniş alternativ cəzaların tətbiqi nəzərdə tutulmaqla növbəti islahatların həyata keçirilməsinə mühüm təkan verilmişdir. Sərəncamın icrası ilə əlaqədar qəbul olunmuş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816 nömrəli Qanunu ilə Cinayət Məcəlləsinin Ümumi və Xüsusi hissələrinin bir çox maddələrinə, o cümlədən Məcəllənin 177-ci maddəsinə və onun “Qeyd” hissəsinə dəyişikliklər edilmişdir.
Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasına və “Qeyd” hissəsinə edilmiş dəyişikliklərdə, cinayət məsuliyyətinin əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranması və üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulmuşdur. Bu dəyişikliklərdən əvvəl isə oğurluq cinayətinə görə məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı, lakin üç min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranırdı (Cinayət Məcəlləsinin 2017-ci il 1 dekabr tarixindən ləğv edilmiş mətni).
Beləliklə, ölkədə gedən iqtisadi-sosial proseslər nəzərə alınaraq mülkiyyət əleyhinə olan cinayətlərin ilk dəfə törədilməsi zamanı cinayət məsuliyyəti yaradan məbləğ yüz manatdan beş yüz manatadək artırılmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu bu dəyişiklikləri nəzərə alaraq Cinayət Məcəlləsinin müvafiq normalarının təhlil olunmasını zəruri hesab edir.
Cinayət Məcəlləsinin 23-cü fəsli mülkiyyət əleyhinə olan cinayətlərə həsr olunmuşdur. Bu kateqoriyadan olan cinayətlərə oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə, soyğunçuluq, quldurluq və s. cinayət əməlləri aiddir. Həmin cinayətlər arasında talama cinayətləri xüsusi yer tutur.
Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd yolla və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirmədir.
Cinayət Məcəlləsinin 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Bu cinayətin obyektiv cəhətini təşkil edən götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür.
Oğurluq cinayətinin tərkib əlamətlərinin müəyyən edilməsi həmin əmələ cinayət-hüquqi qiymət verilməsi üçün böyük əhəmiyyət kəsb edir.
Cinayət tərkibinin formalaşmasında zəruri və fakültativ əlamətlərin böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Fakültativ əlamətlər isə bütün cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol oynayan əlamətlərdir. Belə əlamətlərə cinayətin obyektiv tərəfini səciyyələndirən cinayətin törədilmə vaxtı, yeri, üsulu, cinayətin subyektiv tərəfini xarakterizə edən motiv və məqsəd və s. aiddir.
Cinayət tərkibi əlamətlərinin zəruri və fakültativ əlamətlərə bölünməsi ayrı-ayrı cinayət tərkiblərinin müəyyənləşdirilməsi və oxşar cinayətlərin bir-birindən fərqləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Məsələn, özgənin əmlakını gizli olaraq talama oğurluq cinayətinin zəruri əlaməti (177-ci maddə), ümumi təhlükəli üsul qəsdən adam öldürmə cinayətinin tövsifedici əlaməti (120.2.4-cü maddə) hesab olunur.
Cinayət tərkibinin konkretləşdirilmiş və qiymətləndirici əlamətlərinin də böyük hüquqi əhəmiyyəti vardır. Konkretləşdirilmiş əlamətlər Cinayət Məcəlləsinin normalarının mətnində birmənalı müəyyənləşdirilmişdir. Məsələn, oğurluq cinayətlərində vurulmuş ziyanın məbləği (177-ci maddənin “Qeyd” hissəsi), iqtisadi fəaliyyət sahəsində olan cinayətlərdə xeyli və külli miqdarda vurulmuş ziyanın həddi (190-cı maddənin “Qeyd” hissəsi) və s.
Cinayət Məcəlləsinin 177-ci maddəsinin təhlili belə qənaətə gəlməyə əsas verir ki, özgənin əmlakını gizli olaraq talama oğurluq cinayətinin obyektiv cəhətinin zəruri əlamətidir. Gizli olaraq talama həmin əməllər təkrar törədildiyi hallarda da zəruri əlamət kimi çıxış edir. Mülkiyyətçiyə və ya əmlakın digər sahibinə vurulmuş ziyanın məbləği isə konkretləşdirilmiş əlamət kimi qanunverici tərəfindən cinayət tərkibinin zəruri əlamətləri nəzərə alınmaqla həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir.
Buna görə də Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin 177.2-ci maddəsinin “eyni əməllər” ifadəsi həmin Məcəllənin 177.1-ci maddəsində göstərilən oğurluğun yalnız zəruri əlamətini, yəni özgənin əmlakını gizli olaraq talamanı nəzərdə tutur. Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində göstərilən beş yüz manatdan yuxarı məbləğ həmin Məcəllənin 177.1-ci maddəsinə, yüz manatdan yuxarı məbləğ isə 177.2-ci maddəsinə aid olmaqla cinayət tərkibinin konkretləşdirici əlaməti kimi çıxış edir.
Qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndi eyni cinayətlərin törədilməsi ilə yaranan təkrarlıqla yanaşı, müxtəlif cinayətlərin törədilməsi ilə yaranan təkrarlığı da müəyyən edir. Bu bəndə əsasən, Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur.
Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında təkrarlıq institutu ilə bağlı qeyd etmişdir ki, cinayətlərin çoxluğu cinayət məsuliyyətini ağırlaşdıran hal kimi səciyyələndirilir. Cinayətin şəxs tərəfindən ardıcıl olaraq törədilməsi ona cinayət törətmə təcrübəsi əldə etməyə imkan verir, onun sonrakı cinayət fəaliyyətini daha təhlükəli edir.
Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin şərh edilməsinə dair” 2013-cü il 4 mart tarixli Qərarında isə göstərmişdir ki, şəxs tərəfindən cinayətin təkrar törədilməsi, bir qayda olaraq, onun sabit kriminal meyilliliyinə dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir.
Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, cinayətin təkrar törədilmiş hesab edilməsi üçün təqsirkarın ən azı iki ictimai-təhlükəli əməli törətməsi faktı müəyyən edilməlidir. Bu fakt həmişə təkrarlığın təqsirkar şəxsdə mənfi xüsusiyyətlərin mövcudluğu ilə xarakterizə olunduğunu göstərir. Təkrarlıq ona daxil olan cinayətlərin müxtəlif vaxtlarda törədilməsini ehtiva edir. Təqsirkar şəxsin müxtəlif həyat şəraitində qanuna uyğun davranış qaydasını seçmək imkanının olmasına baxmayaraq, şüurlu olaraq cinayət qanunu ilə qadağan olunmuş davranış qaydasını seçməsi onun yüksək ictimai təhlükəliliyini sübut edir.
Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 17-ci bəndi cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsini, onların törədilməsinə görə məsuliyyətin təyin edilməsini qanunvericilik hakimiyyəti orqanının müstəsna səlahiyyətinə aid etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici Konstitusiya ilə ona verilmiş səlahiyyətdən istifadə edərək ədalət prinsipinin təmin olunması məqsədilə Cinayət Məcəlləsinin 177.2-ci maddəsində göstərilən ağırlaşdırıcı hallarda oğurluğun, o cümlədən təkrar oğurluğun təhlükəlilik dərəcəsini və belə əməlləri törədən şəxslərin ictimai təhlükəliliyini nəzərə alaraq, həmin əməllərə görə daha sərt cinayət məsuliyyəti müəyyən etmişdir.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- Cinayət Məcəlləsinin 177.2-ci maddəsində “eyni əməllər” ifadəsi həmin Məcəllənin 177.1-ci maddəsində göstərilən oğurluğun yalnız zəruri əlamətini, yəni özgənin əmlakını gizli olaraq talamanı nəzərdə tutur;
- Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində göstərilən beş yüz manatdan yuxarı məbləğ həmin Məcəllənin 177.1-ci maddəsinə, yüz manatdan yuxarı məbləğ isə 177.2-ci maddəsinə aid olmaqla cinayət tərkibinin konkretləşdirici əlaməti kimi çıxış edir;
- oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA  ALDI:

1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsində “eyni əməllər” ifadəsi həmin Məcəllənin 177.1-ci maddəsində göstərilən oğurluğun yalnız zəruri əlamətini, yəni özgənin əmlakını gizli olaraq talamanı nəzərdə tutur.
2. Oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

Sədr            Fərhad Abdullayev

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı”nın təsdiq edilməsi haqqında” 2008-ci il 27 sentyabr tarixli 234 nömrəli, “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli və “Korrespondensiyaların və digər göndərişlərin qəbulu, qablaşdırılması, mühafizəsi və çatdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 12 fevral tarixli 47 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli və “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərarlar 2018-04-30 17:33:00