×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikası adından
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

2018-ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin təsdiq və rəsmən elan edilməsinə dair

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibləri Fəraid Əliyev və Elməddin Hüseynovun, maraqlı subyektin nümayəndələri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, sədr müavini Natiq Məmmədov, katibləri Arifə Muxtarova və Mikayıl Rəhimov, üzvləri Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Hüseyn Paşayev, İlham Məmmədov, Nizami Nadirov, Qabil Orucov, Bəxşeyiş Əsgərov, Tofiq Həsənov, Almas Qəhramanlı, Etibar Quliyev və İlkin Şahbazovun, ekspertlər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları Ulduzə Həmidova, Sona Dəmirçiyeva və Gülnar Əhmədovanın, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov və həmin kafedranın dosent əvəzi, hüquq üzrə fəlsəfə doktoru Aytəkin İbrahimovanın, beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Turqay Hüseynovun iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsinə və 130-cu maddəsinin VIII hissəsinə müvafiq olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə 2018-ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinə dair xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxdı.
Hakimlər S.Salmanova və R.Qvaladzenin məruzələrini, maraqlı subyektin nümayəndəsi M.Pənahovun çıxışını, ekspertlər E.Nəsirov və U.Həmidovanın rəylərini dinləyib, iş materiallarını öyrənərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 fevral tarixli Sərəncamına uyğun olaraq 2018-ci il aprelin 11-də Azərbaycan Respublikası Prezidenti seçkiləri keçirilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 108.2-ci və 203.3-cü maddələrinə müvafiq olaraq səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarının protokollarında olan bütün məlumatları ümumiləşdirib, Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə səsvermənin nəticələrinə dair 2018-ci il 15 aprel tarixli protokol tərtib etmişdir. Həmin protokol Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2018-ci il 15 aprel tarixli 16/90 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 102-ci və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələrinə dair protokolu, həmin protokolun təsdiq edilməsinə dair qərarı və onlara əlavə edilmiş sənədləri Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin təsdiq və rəsmən elan edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim etmişdir.
Seçkilərin yekunlarına dair Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, seçki qutularında müəyyən edilmiş 3 958 852 (üç milyon doqquz yüz əlli səkkiz min səkkiz yüz əlli iki) seçki bülletenindən 12 413 (on iki min dörd yüz on üç) səs etibarsız hesab edilmişdir.
Etibarlı hesab edilmiş 3 946 439 (üç milyon doqquz yüz qırx altı min dörd yüz otuz doqquz) səs prezidentliyə namizədlər arasında aşağıdakı qaydada bölünmüşdür:
Əliyev İlham Heydər oğlu – lehinə 3 394 898 (üç milyon üç yüz doxsan dörd min səkkiz yüz doxsan səkkiz) səs və ya 86.02 faiz;
Əlizadə Araz Məmməd Mübariz oğlu – lehinə 54 533 (əlli dörd min beş yüz otuz üç) səs və ya 1.38 faiz;
Hacıyev Hafiz Ələmdar oğlu – lehinə 59 924 (əlli doqquz min doqquz yüz iyirmi dörd) səs və ya 1.52 faiz;
Həsənquliyev Qüdrət Müzəffər oğlu – lehinə 119 311 (bir yüz on doqquz min üç yüz on bir) səs və ya 3.02 faiz;
Quliyev Fərəc İbrahim oğlu – lehinə 45 967 (qırx beş min doqquz yüz altmış yeddi) səs və ya 1.17 faiz;
Məmmədov Sərdar Calal oğlu – lehinə 119 621 (bir yüz on doqquz min altı yüz iyirmi bir) səs və ya 3.03 faiz;
Nurullayev Razi Qulaməli oğlu – lehinə 29 229 (iyirmi doqquz min iki yüz iyirmi doqquz) səs və ya 0.74 faiz;
Oruc Zahid Məhərrəm oğlu – lehinə 122 956 (bir yüz iyirmi iki min doqquz yüz əlli altı) səs və ya 3.12 faiz.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.12-ci maddəsinə əsasən, protokollar seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinin ümumi sayının ən azı 2/3-si tərəfindən imzalanır. Həmin Məcəllənin 28.2-ci maddəsinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyasının qərarları açıq səsvermə yolu ilə Mərkəzi Seçki Komissiyasının iclasında komissiya üzvlərinin 18-i iştirak edərsə – azı 12 üzvün səs çoxluğu ilə qəbul edilir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunmuş səsvermənin nəticələri haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolu Mərkəzi Seçki Komissiyasının 18 üzvündən 17-si tərəfindən imzalanmışdır.
Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarına dair Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunmuş sənədlərin Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu müvafiq ekspertləri cəlb etmiş, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsində nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Apellyasiya məhkəmələrindən, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsindən, Azərbaycan Respublikasının Ali Məhkəməsindən və Azərbaycan Respublikası Prokurorluğundan seçki hüquqlarının müdafiəsi ilə bağlı baxılmış ərizələr haqqında məlumatları tələb etmişdir.
Bakı, Sumqayıt, Gəncə, Şirvan və Şəki Apellyasiya məhkəmələri, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikası Prokurorluğunun məktublarından göründüyü kimi, 2018-ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı seçki hüquqlarının müdafiəsinə dair həmin orqanlara ərizə və şikayətlər verilməmişdir.
Ekspertlər U.Həmidova, S.Dəmirçiyeva, G.Əhmədova, E.Nəsirov, A.İbrahimova və T.Hüseynovun rəylərindən müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2018-ci il 15 aprel tarixli protokolu Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2-ci, 100.12-ci, 108.2-ci və 203.3-cü maddələrinin tələblərinə uyğundur.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənləri nəzərə alaraq, 2018-ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2018-ci il 15 aprel tarixli protokolunu Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2-ci, 100.12-ci, 108.2-ci və 203.3-cü maddələrinin tələblərinə uyğun hesab edir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunda əks olunmuş nəticələr təsdiq və rəsmən elan edilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin II hissəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir. Azərbaycan Respublikası Konstitusiyasının həmin maddəsinə əsaslanan Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203.4-cü maddəsində göstərilmişdir ki, prezidentliyə namizədə səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu səs verdikdə, o, Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.
Yuxarıda göstərildiyi kimi, etibarlı hesab edilmiş seçici səslərindən 3 394 898 (üç milyon üç yüz doxsan dörd min səkkiz yüz doxsan səkkiz) səs və ya 86.02 faiz Əliyev İlham Heydər oğlunun lehinə verilmişdir.
Beləliklə, Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin II hissəsinin və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203.4-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlu Azərbaycan Respublikasının Prezidenti seçilmiş elan edilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsini, 130-cu maddəsinin VIII və IX hissələrini, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203.1-ci maddəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı, 62-ci, 63-cü, 65-67-ci və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:


1. 2018-ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2018-ci il 15 aprel tarixli protokolunda əks olunmuş nəticələr təsdiq edilsin.
2. Azərbaycan Respublikasının prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlu Azərbaycan Respublikasının Prezidenti seçilmiş elan edilsin.
3. Qərar elan olunduğu andan qüvvəyə minir.
4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.


Sədr   Fərhad ABDULLAYEV

Bakı şəhəri, 17 aprel 2018-ci il

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2012-ci il 4 avqust tarixli Q16-001-12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında Təlimat”da dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qərarı

“Azərbaycan Respublikası Prezidentinin “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 3 fevral tarixli 759 nömrəli və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1657-VQD nömrəli Qanununun tətbiqi və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 28 avqust tarixli 826 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 15 dekabr tarixli 2397 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Kosmik Agentliyinin (Azərkosmos) fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziya və icazələrin siyahısının təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 903-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 23 sentyabr tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən məlumat və sənədlərin tərtib olunma forması”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərarlar 2018-04-17 18:44:00