Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Gəncədə tələbələr arasında bədii yaradıcılıq festivalının seçim turuna yekun vurulub

Gəncə, 16 aprel, Rauf Hacıyev, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan bədii yaradıcılıq festivalının Gəncə üzrə seçim turuna yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tələbələr arasında bədii yaradıcılıq festivalının seçim turunda şəhərdə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri ilə yanaşı, bölgələrdən olan xüsusi istedadlı gənclər də iştirak ediblər.
Seçim turunda bildirilib ki, artıq ənənə halını alan festivalın keçirilməsində məqsəd tələbələri milli-mədəni və bədii-estetik ruhda tərbiyə etmək, eləcə də Azərbaycanın bölgələrində yaşayan, incəsənətin ayrı-ayrı növləri üzrə istedadlı gənclərin üzə çıxarılmasına şərait yaratmaqdır.
May ayında Bakıda təşkil olunacaq respublika festivalının Gəncə üzrə seçim turuna Azərbaycan Texnologiya Universitetindən başlanılıb. Çıxışlar incəsənətin estrada, aşıq musiqisi, xor, rəqs və bədii qiraət kimi müxtəlif sahələrini əhatə edib. Gəncə Dövlət Universitetində isə xüsusi istedada malik tələbələrin çoxluğu diqqəti çəkib. Bədii yaradıcılıq festivalına Azərbaycan Dövlət Aqrar Universitetində yekun vurulub.
Ötən illərdən fərqli olaraq bu dəfə peşə liseyləri və kolleclərin tələbələri də seçim turunda iştirak ediblər.

Regionlar 2018-04-16 18:06:00