×
A
A
A
Sazlamalar

2004-2017-ci illərdə sənayenin qeyri-neft bölməsi üzrə istehsal 2,2 dəfə artıb

Bakı, 12 aprel, AZƏRTAC
2004-2017-ci illərdə Azərbaycanda istehsal edilən ümumi daxili məhsulun (ÜDM) həcmi real ifadədə 3,2 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, kənd təsərrüfatı məhsulu istehsalı 1,7 dəfə, büdcə gəlirləri 13,5 dəfə, əhalinin nominal gəlirləri 8,6 dəfə, əsas kapitala yönəldilmiş investisiyalar 3,0 dəfə, orta aylıq nominal əməkhaqqı 6,8 dəfə, minimum əməkhaqqı 12,9 dəfə artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.
Komitə sədri bildirib ki, bu dövrdə işsizlik səviyyəsi 9,2 faizdən 5,0 faizə, yoxsulluq səviyyəsi isə 44,7 faizdən 5,4 faizə enib. Dünya Bankının məlumatlarına görə, 2003-2016-cı illər ərzində Azərbaycan alıcılıq qabiliyyəti pariteti üzrə hesablanmış ÜDM–in adambaşına həcminə görə 59 pillə irəliləyərək 221 ölkə arasında 78-ci yerə yüksəlib. Davos Ümumdünya İqtisadi Forumunun hesablamaları ilə müəyyən edilib ki, ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə 2003-cü ildə 125 ölkə arasında 64-cü yeri tutmuş ölkəmizin reytinqi 2017-ci ildə 137 ölkə arasında 35-ci yerə yüksəlib.
2017-ci ildə iqtisadiyyatın nəqliyyat və anbar təsərrüfatı sahələrində yaradılmış əlavə dəyər əvvəlki illə müqayisədə 8,5 faiz, informasiya və rabitə sahələrində 6,6 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 5,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 4,2 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 2,5 faiz, digər sahələrdə 1,5 faiz artıb.
Tahir Budaqov qeyd edib ki, Azərbaycanda 2004-2017-ci illərdə sənaye müəssisələrinin və fərdi sahibkarların fəaliyyəti nəticəsində sənaye məhsulu istehsalı hər il orta hesabla 7,1 faiz artaraq 508,8 milyard manat təşkil edib. Sənayenin qeyri-neft bölməsi üzrə 2004-2017-ci illərdə istehsal 2,2 dəfə və ya orta hesabla hər il 5,7 faiz artıb. Ət və süd məhsulları, duz, meyvə və tərəvəz konservləri, mineral sular, sement və klinkerlər, gips, əhəng, alçipan, kərpic, betondan tikinti blokları, armatur, alüminium və ondan alınan məmulatlar və s. bir sıra sənaye məhsulları ilə ölkənin özünütəminetmə səviyyəsi digər sənaye məhsulları ilə müqayisədə daha yüksək olub.

Sənaye 2018-04-12 16:06:00