×
A
A
A
Sazlamalar

Yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib

Bakı, 9 aprel, AZƏRTAC
Aprelin 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən dövlət qeydiyyatına alınan bir qrup dini icmaya şəhadətnamələr təqdim edilib. DQİDK-dan AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə təşkil edilmiş toplantıda Dövlət Komitəsi sədrinin birinci müavini, Aparat rəhbəri, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.
Ölkəmizin nümunəvi dövlət-din modelindən danışan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, müstəqilliyimizi bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətlərində də sürətli inkişafa nail olunub, dövlətçiliyimizə, milli mənəvi dəyərlərimizə, dinimizə uyğun qaydalar müəyyənləşdirilib. O deyib ki, Azərbaycan tolerantlığı, multikultural ənənələrə sadiqliyi ilə bütün dünyada örnək göstərilən ölkələrdəndir. Ölkəmizdə məscidlər, kilsələr, sinaqoqlar tikilib və bərpa olunub, mütəmadi olaraq müsəlman və qeyri-müsəlman dini icmalarına maliyyə yardımı göstərilir, dini bayramlar yüksək səviyyədə qeyd olunur.
Cəmiyyətimizi xurafatdan, mövhumatdan uzaq, saf dini biliklərlə maarifləndirməyin önəminə toxunan Səyyad Salahlı icma sədrlərini tarixi irsimizin mühüm hissəsi olan dinimizin, milli mənəvi dəyərlərimizin ictimaiyyətə düzgün çatdırılması işində fəal olmağa çağırıb.
Sonra 3-ü qeyri-islam dini icması olmaqla 15 dini quruma qeydiyyat şəhadətnamələri təqdim edilib.
Masallı şəhəri “Cümə” məscidi dini icmasının sədri Mirqabil Hüseynov yeni qeydiyyatdan keçmiş dini icmaların gələcək fəaliyyətlərində azərbaycançılıq məfkurəsini əsas tutacaqlarını və xalqımızın milli mənəvi dəyərlərinə yad olan dini ideologiyaların ölkəmizə ayaq açmasının qarşısının alınmasında fəal iştirak edəcəklərini vurğulayıb.
Qeyd edək ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan sonra 808 dini qurum dövlət qeydiyyatından keçib. Konfessional baxımdan onların 777-si İslam, 31-i isə qeyri-İslam (Xristian – 20; Yəhudi – 8; Krişna – 1; Bəhai – 2) təmayüllüdür.

Din 2018-04-09 16:09:00